Hamiləlik zamanı qarında ağrılar
Hamiləlik zamanı əksər qadınlar qarında gərginlik və ağrı hissindən şikayət edirlər. Bu narahatlıqlar orqanizmdə gedən proseslərə təbii reaksiya kimi meydana çıxa və ya ciddi patologiyanın əlaməti ola bilər.
Hamiləlik zamanı qarında ağrılar neçə cür olur?
- Erkən hamiləlik zamanı qasıq və kiçik çanaq nahiyəsində kəskin ağrı yarana bilər. III trimestrdə bu ağrılar təbii hesab edilir – orqanizmin doğuşa hazırlaşmasından xəbər verir.
- Hamiləlik gedişatı normaldırsa, qarında gərginlik təbii hal kimi dəyərləndirilir. Qarın əzələlərinin rigidliyi (spazmı, sərtliyi) ilə müşahidə olunan “sərt qarın” simptomu patololi hala işarə edə bilər.
- Dölün hərəkəti, onun dölyanı kisənin divarlarına zərbəsi nəticəsində müşahidə edilən ağrılar normaldır. Ağrının intensivliyinin artdıqda dölün hipoksiyasından (oksigen çatışmazlığı) şübhələnmək lazımdır.
Hamiləlik zamanı qarında ağrılar nədən yaranır?
Qarnın aşağı hissəsində əmələ gələn ağrılar 2 formaya bölünür : təbii (normal) və təcili yardım tələb edən.
Hamiləlik zamanı qarında ağrılar – təbii forma
- Mayalanmış yumurtahüceyrənin uşaqlıq divarına implantasiyası (yapışması) zamanı və 2-3-cü həftələrdə yaranan dartılan xarakterli xoşagəlməz hissiyat;
- I trimestrdə əzələlərin gərilməsi, bağların zəifləməsi ilə əlaqədar ağırlıq qaldırdıqda və ya ani hərəkət etdikdə müşahidə olunan kəskin və qısamüddətli ağrılar;
- Uşağın hərəkəti nəticəsində III trimestrdə formalaşan diskomfort hissi;
- Axırıncı trimestrdə əzələ gərginliyi və uşaqlığın xeyli böyüməsi, çanaq sümüklərinin bir qədər aralanması ilə bağlı dartılmalar.
Təbii ağrılar zamanı vəziyyəti yüngülləşdirmək üçün aşağıdakı tövsiyələrə əməl edin:
- Piyada gəzintilərinə vaxt ayırın;
- Ağır məşqlərlə özünüzü yormayın;
- Hamilələr üçün xüsusi gimnastika ilə məşğul olun;
- Hamiləlik bandajından istifadə edin;
- Yuxu rejiminə diqqət yetirin.
Hamiləlik zamanı qarında ağrılar – təcili yardım tələb edən
- Qarnın aşağı hissəsində, bel səviyyəsində qanlı axıntı ilə müşayiət olunan kəsici, deşici ağrılar. Düşük və ya vaxtından əvvəl doğuş ehtimal olunduğundan təcili yardım çağırmaq lazımdır.
- Qarnın aşağı hissəsində və ya bir tərəfli kəskin ağrı, başgicəllənmə uşaqlıqdan kənar hamiləliyə şübhə törədir. Belə vəziyyətdə təcili USM vacibdir.
- Qarnın aşağı hissəsində çox kəskin və çox şiddətli ağrı, plasentanın vaxtından qabaq soyulması ilə bağlı bilər.
- Qarnın aşağı hissəsində gərginlik, sərtləşmə və şiddətli ağrı. Uşaqlıq tonusunun yüksəlməsinin əlaməti olub, dölün hipoksiyası, hətta ölümü ilə nəticələnə bilər.
Doğuşa hazırlıq sancıları
Hamiləliyin 38-ci həftəsində vaxtaşırı yaranan yüngül dərəcəli dartılmalar doğuşun yaxınlaşmasından xəbər verir. Bu ağrılar aşağıdakı simptomlarla müşayiət olunur:
– Qarın aşağı enir;
– Dölün hərəkəti bir qədər zəifləyir;
– Beldə ağırlıq hissi formalaşır;
– Çəki artımı azalır;
– Cüzi miqdarda qanlı-selikli tıxac şəklində axıntı meydana çıxır;
– Yorğunluq hissi güclənir.
Bu əlamətlər narahatlığa əsas yaratmır. Onlar doğuş öncəsi orqanizmin hazırlığına dəlalət edir.
Son olaraq qeyd edək ki, əgər hamiləlik zamanı qarnınızda ağrı hissiyatı get-gedə artırsa, qəhvəyi və ya qanlı ifrazat aşkarlanırsa, ağrılararası interval tədricən qısalırsa, mütləq ginekoloqla əlaqə saxlayın.