Hamiləlikdə qidalanma
Hamiləlik dövründə ananın qidalanma tərzi dölün inkişafına təsir etdiyindən bu məqama diqqət yetirmək lazımdır. Həmçinin qadın orqanizmi doğuşdan sonrakı laktasiya (südvermə) dövrünə də hazırlaşmalıdır. Məlum olduğu kimi hamiləlikdə qadının çəkisi artır. Lakin çəkinin normal sərhədlərdə olması üçün hamiləlikdə qidalanma vərdişləri düzgün, qida məhsulları isə imkan daxilində təbii olmalıdır.
Hamiləlikdə bəslənmə haqqında
- Son araşdırmalar göstərir ki, hamiləlik zamanı qidalanma, çəkinin artma tempi, bəslənmə vərdişləri embrionun sinir sisteminin inkişafına təsir göstərir. Qeyri-sağlam qidalanma körpədə gələcəkdə piylənmə və ürək-damar xəstəliklərinin inkişafına meyllik yaradır.
- Qadın hamiləlikdə qidalanma vərdişləri, məsələn, vegeterian, vegan, həmçinin qida allergiyaları, həzm sistemi problemləri ilə bağlı öz həkim-ginekoloqunu məlumatlandırmalıdır.
- Qida allergiyası olanlar və şəkərli diabet xəstələri həm müalicə həkimi, həm də dietoloqla məsləhətləşməlidir. Ananın, eləcə də dölün sağlamlığı ilə bağlı qadınlara bu dövrdə həkim tərəfindən bir çox bəslənmə tövsiyələri verilir. Belə xəstələrə xüsusi hamiləlik diyeti təyin edilir.
Hamiləlikdə qidalanma üçün xüsusi tövsiyələr
- Hamiləlikdə çəkinin artması
Çəkinin normadan kənara çıxmaması hamilə qadınlarda yüksək arterial təzyiq, preklampsiya, şəkərli diabet və vaxtından əvvəl doğuş riskini azaldır.
Hamiləlikdə çəki alma normaları
Artan çəkinin normaları qadının hamiləlikdən öncəki bədən kütlə indeksinə görə təyin edilir. Bədən kütlə indeksi beynəlxalq nomenklaturada BMİ adlanır. BMİ aşağıdakı düsturla hesablanır:
BMİ= çəki(kq) / boy (m²)
Aşağıdakı cədvəldə bədən kütlə indeksinə (BMİ) görə təkdöllü hamiləlikdə ala biləcəyiniz normal çəki miqdarı qeyd edilmişdir:
Hamiləlik öncəsi BMİ | BMİ-yə görə vəziyyətiniz | Hamiləlikdə ala biləcəyiniz çəki |
BMİ < 18.5 | Çəki defisiti (azlığı) | 12.5-18 Kq |
18.5 ≤ BMİ< 24.9 | Normal çəki | 11.5 -16 Kq |
25≤ BMİ < 29.9 | Artıq çəki | 7 – 11.5 Kq |
30 ≤ BMİ | Piylənmə | 5-9 Kq |
Çoxdöllü hamiləlik zamanı bu nisbətlər fərqli olur.
- Müntəzəm qida qəbulu
Gün ərzində yemək saatlarının müntəzəm olması və hər dəfə qidalanma zamanı müxtəlif ərzaqlardan istifadə edilməsi, yəni çeşidlilik tövsiyə edilir. Qadınlar çox vaxt hamiləlikdə mədə yanması və ürəkbulanmadan şikayət edirlər. Kiçik porsiyalarla tez-tez qidalanma qeyd olunan simptomların yüngülləşməsinə kömək edir. Həmçinin az yağlı, quru qidalar (kreker, suxari) bu narahatlıqların azalmasına səbəb olur.
- Qidanın optimal miqdarının təyini
Hamiləlikdə qidalanma zamanı qəbul edilən məhsulun miqdarı qadının yaşı, fiziki aktivliyi, sağlamlıq vəziyyəti, boy və çəkisindən asılıdır. Lazımi miqdarda qida qəbulunun sabit bir ölçü və meyarı olmadığından bu dövrdə həkim-dietoloqla məsləhətləşmək məqsədəuyğundur. Həkim bütün göstəriciləri nəzərə alaraq, fərdi qidalanma rasionu tərtib edir. Ehtiyac yarandıqda xüsusi hamiləlik diyeti də təyin olunur.
Hamiləlikdə qidalanma – vacib komponentlər
- Su
Dölün zədələnməsinin və vaxtından əvvəl doğuş sancılarının qarşısını alır. Hamiləlik zamanı qəbul edilən suyun həcmi müxtəlif qadınlarda fərqli olur. Açıq rəngli sidik kifayət qədər maye qəbulunun indikatorudur (göstəricisidir).
- Qida lifləri ilə zəngin məhsullar
Qida liflərinə taxıl məhsulları (məsələn, kəpək, buğda çörəyi), paxlalı bitkilər, meyvə və tərəvəzlərin tərkibində rast gəlinir. Hamiləlikdə bir çox qadın xroniki qəbizlikdən şikayət edir. Lifli qidalar və kifayət qədər maye qəbulu həzm traktını normallaşdıra, xroniki xəstəliklərin inkişafının qarşısını ala bilər.
- Hamiləlikdə qidalanma – kalsiumla zəngin qidalar
Kalsium həm qadının sağlamlığı, həm də dölün normal inkişafı üçün vacib minerallardan sayılır. O, sümük və dişlərin inkişafı, qan dövranının, eləcə də əzələlərin normal fəaliyyətinə kömək edir. Bu səbəbdən hamiləlikdə qadın orqanizminin kalsiuma tələbatı yüksəlir.
Tərkibində kalsium olan qidalara süd məhsulları, sümüklü balıq konservləri, badam, kələm aiddir. Hamiləlikdə qidalanma zamanı bu məhsullara üstünlük verilməlidir.
Mütəxəssislər hamiləlik zamanı aşağıdakı bioloji aktiv maddələrin qəbulunu məsləhət görürlər:
- D vitamini
Hamiləlikdə 200-400 BV, yəni 5-10 mkq D vitamini qəbul edilməlidir. Bu vitamin günəş işığı və ultrabənövşəyi şüaların təsiri altında orqanizmdə sintez edilir. Təbii halda D vitamini çox az sayda qida məhsullarında (yağlı balıq, qırmızı ət, yumurta sarısı) mövcuddur.
D vitamini çatışmazlığı osteoporoz adlanan xəstəliyin inkişafına şərait yaradır. Osteoporoz sümüklərin yumşalması və heç bir travma olmadan öz-özünə sınması ilə xarakterizə edilir. D vitamini bağırsaqdan kalsiumun sorulmasını təmin edir, qanda kalsium və fosforun konsentrasiyasını tənzimləyir. O, sümüklərin böyüməsi, sərtliyi üçün vacib komponentdir.
- Fol turşusu (B9 vitamini)
Fol turşusu hamiləlikdə I trimestrdə çox önəmlidir. O, hüceyrənin əsas komponenti olan DNT-nin (genetik zəncirin) qurulmasında iştirak edir. Dölün normal inkişafı üçün hamiləlikdə gündə 400 mkq fol turşusu qəbul etmək lazımdır. B9 vitamininin qəbulu qadında anemiyanın qarşısını alır.
Fol turşusu paxlalılar, sitrus meyvələri, yarpaqlı tərəvəzlərdə mövcuddur. Ona tibbdə folat deyilir. Ancaq bitkilərdə olan təbii folatlar hamiləlikdə dölün normal inkişafı üçün kifayət etmir. Fol turşusu defisiti döldə baş və onurğa beynin inkişaf anomaliyalarına, ağır hallarda isə əlilliyə, hətta onun ölümünə səbəb ola bilər.
- Dəmir
Hamiləlikdə 3-cü aydan etibarən dəmir preparatı qəbul etmək məsləhət görülür. Qidalanma rasionuna tərkibində dəmir olan heyvani qidalar: yağsız mal əti, hinduşka əti əlavə etmək ana və döl üçün faydalıdır.
Tərkibində dəmir olan bitki mənşəli məhsullar sırasına paxlalılar, kəpək, kinoa, quru meyvələr və qoz daxildir.
- Yod
Yod sağlamlıq baxımından vacib element sayılır. Bu mikroelement hamiləlikdə qadının qalxanabənzər vəzisinin normal fəaliyyəti, dölün beyninin inkişafı üçün əvəzolunmazdır. Hamilələrə qidalanma zamanı tərkibində yod olan qidalar: dəniz yosunları, dəniz və süd məhsulları, yumurta, yodlaşdırılmış duzdan istifadə etmək məsləhət görülür.
Yod defisiti endemik zoba, döldə fiziki və əqli inkişaf geriliyinə səbəb ola bilər. Ağır dərəcəli yod çatışmazlığı isə döldə müalicəyə tabe olmayan əqli gerilik – kretinizm ilə nəticələnə bilər.
Hamiləlikdə qidalanma rasionunda aşağıdakı məhsullar mütləq azaldılmalıdır:
- Şirniyyat və şəkərli içkilər
Bu məhsulların tərkibində yüksək miqdarda şəkər və yağ olduğundan onlar artıq çəki və piylənməyə gətirib çıxara bilər.
- Doymuş yağlar, transyağlar, xolesterinlə zəngin qidalar
Hamiləlikdə qidalanma rasionunda az yağlı məhsullardan istifadə edilməlidir. Marketlərdə bazarlıq edərkən məhsulun üzərindəki etiketə baxaraq, onun tərkibini müəyyənləşdirmək mümkündür.
- Tərkibində kofein olan məhsullar: çay, kola, kakao, şokolad, energetik içkilər
Kofeinin çox miqdarda qəbulu hamilələrdə arterial təzyiqin yüksəlməsinə, taxikardiya və yuxusuzluğa səbəb olur. Taxikardiya – ürək döyüntülərinin sayının artmasıdır. Normada 1 dəqiqədə ürək döyüntüsü 60-85 olur. Taxikardiya zamanı bu göstərici 100 vurğudan yüksəyə qalxır.
- Duz
Duzlu yemək arterial təzyiqin yüksəlməsinə şərait yaradır. Bundan əlavə duz orqanizmdə suyun xaric olmasını ləngitdiyindən hamilə qadınlarda ödem yaradır.
Hamiləlikdə qidalanma rasionu düzgün tərtib olunmalı, faydalı və təbii məhsullardan kifayət miqdarda istifadə edilməlidir.