Hamiləlikdə mədə yanması
Hamiləlik dövründə uşaqlığın həzm sisteminə təzyiqi və hormonların mədə əzələlərinə təsiri nəticəsində əksər qadınlarda mədə yanması müşahidə edilir. Yanğı hissi qida fraqmentlərinin mədə şirəsi ilə birlikdə qida borusuna qayıtması səbəbindən baş verir. Bu hal ölçüləri tədricən böyüyən dölün ananın daxili orqanlarına təzyiqindən yaranır.
Hamiləlik dövründə mədə yanması – yaranma mexanizmi
Normada mədə ilə qida borusu arasında sfinkter (qapaq) mövcuddur. Bu da mədə möhtəviyyatının qida borusuna qayıtmasının qarşısını alır. Sfinkter əzələ və sinir toxumasından təşkil olunmuşdur. Onun tibbi adı qastroezofageal sfinkterdir.
Hamiləlik dövründə qadın orqanizmində normadan artıq progesteron sintez edilir. Bu hormon əzələ toxumasının tonusuna təsir göstərir. Boşalmış sfinkter mədə möhtəviyyatının geriyə qayıtmasına mane ola bilmir.
Həddindən artıq hormon ifrazı həzm sisteminin işini çətinləşdirir. Qidanın həzmi ləngiyir, mədədə ağrı, yanğı hissi meydana çıxır.
Hamiləlikdə mədə yanması zamanı hansı pozisiyada yatmaq məsləhət görülür?
Yanma hissi adətən qida qəbulundan sonra yaranır və bir neçə saat davam edir. Bəzən yanğı, ağrılar qida qəbulu ilə bağlı olmur. Belə hallarda əksər qadınlar oturaq vəziyyətdə yatmağa məcbur qalır və ya hamiləlik yastığı istifadə edir. Çünki arxası üstə uzandıqda əlamətlər daha da kəskinləşir.
Hamiləlikdə mədə yanması hansı dövrə təsadüf edir?
Hamiləlikdə erkən dövrlərdə hormonal fonun kəskin dəyişməsi ilə əlaqədar mədədə yanğı hissi müşahidə edilir. 20-ci hamiləlik həftəsindən sonra uşaqlıq genişlənir, diafraqma və həzm orqanlarına təzyiq edir.
Hamiləlikdə mədə yanması 20-ci həftədən başlayaraq, 35-ci həftəyə qədər davam edir. Doğuşa yaxın qarnın aşağıya enməsi (dölün kiçik çanağa doğru hərəkəti) nəticəsində yanma hissi azalır.
Hamiləlikdə mədə yanması ziyandırmı?
Mədə yanması dölün sağlamlığına mənfi təsir göstərmir. Yanma hissi şiddətlidirsə, qidanı kiçik porsiyalarla qəbul etmək məsləhət görülür.
Hamiləlikdə mədə yanması qadına bəzi narahatlıqlar: psixoloji diskomfort, yuxu rejiminin pozulması törədə bilər.
Hamiləlikdə mədə yanması ilə mübarizə
- Mədənin yüklənməməsi üçün qidanı yaxşı çeynəmək;
- Qələvi tərkibli qidalara üstünlük vermək;
- Yatmazdan öncə qida qəbulundan imtina etmək, axşam yeməyindən sonra piyada gəzmək, yeməkdən yalnız 3 saat sonra yuxuya getmək;
- Sərbəst geyimlərdən istifadə etmək;
- Qida rasionuna arabir balqabaq toxumu əlavə etmək.
Mədədə yanğı hissi zamanı təbii vasitələrlə vəziyyətin yüngülləşdirilməsi
Mütəxəssislər hamiləlikdə mədə turşuluğunu azaldan reseptlərdən istifadə etməyi tövsiyə edirlər:
- Kartof şirəsi və ya giləmeyvə kiseli;
- Süd. Kiçik porsiyalarla sutka ərzində 1-2 stəkan süd içmək olar. Südə bir neçə damcı şüyüd yağı qatılarsa, onun effekti daha da güclənər.
- Balqabaq və günəbaxan tumu. Onları gündə bir neçə dəfə az miqdarda qəbul etmək olar;
- Keyfiyyətli mineral sular;
- Qoz, fındıq, kök;
- Efir yağlarına qarşı allergiya olmadıqda, döş qəfəsinə limon yağı çəkmək.
Hamiləlikdə mədə ağrısı
Hamiləlik dövründə mədə ağrısı bir sıra səbəblərdən baş verir:
- xroniki qastritin kəskinləşməsi;
- mədə turşuluğunun artması;
- mədə xorası;
- böyüyən dölün mədəyə təzyiqi;
- həddindən çox qidalanma.
Hamiləlikdə mədə yanması və ağrı yarandıqda özbaşına dərman preparatı qəbul etmək olmaz. Belə vəziyyətlərdə mütləq həkimlə məsləhətləşib, uyğun tədbirlər aparılmalıdır.