Hamiləlikdə qızdırma
Hamiləlik zamanı qadın orqanizmində bir çox xarakterik dəyişikliklər baş verir. İlk dəfə hamiləlik keçirən qadınların əksəriyyəti yeni əlamətlərdən ehtiyat edərək, onları patologiya kimi dəyərləndirir. Bu simptomlardan biri də temperaturun yüksəlməsidir.
Hamiləlik zamanı normal bədən temperaturu
İlk trimestrdə (3 aylıqlar) temperatur subfebril rəqəmlərə (37.2-37.4°C) qədər yüksələ bilər. Bəzən belə temperatur bütün hamiləlik boyu müşahidə edilir.
Lakin bu patologiya olmayıb, hamiləlik fonunda fizioloji dəyişiklik adlanır.
Hamiləlikdə qızdırma 2 səbəbdən yaranır:
- Progesteronun yüksək miqdarda ifrazı. Bu hormon baş beyində yerləşən istilik tənzimlənmə (termorequlyasiya) mərkəzinə təsir edir.
- Hamiləlikdə immunitetin zəifləməsi.
Hamiləlik vaxtı qızdırma
Hamiləlik dövründə immunitetin zəifləməsi nəticəsində qadının infeksiyaya yoluxma riski artır. Xüsusən də hamiləlikdə qrip çox təhlükəlidir. Bu fonda həm döl, həm də anada ağırlaşmalar meydana çıxa bilər. Həmçinin hamiləlikdə qripə qarşı preparatların əksəriyyətinə əks-göstəriş olduğundan onların tətbiqi ilə bağlı çətinlik yaranır.
Hamiləlikdə qızdırma – patologiya
Müxtəlif virus və infeksion xəstəliklərin ən başlıca əlamətlərindən biri qızdırmadır. Bəs xəstəliklə əlaqəli qızdırmanı fizioloji olaraq temperaturun qalxmasından necə ayırd edək? İnfeksiyaya yoluxma halında hamilə qadında zəiflik, halsızlıq, iştahın azalması, ağızda quruluq müşahidə olunur. Həmçinin fizioloji subfebril temperaturdan fərqli olaraq hamiləlikdə qızdırma temperaturun 38,0-38,5° qədər yüksəlməsi ilə özünü büruzə verir.
Hamiləlikdə qızdırma təhlükəli sayılır?
Yüksək temperatur döldə əqli çatışmazlıq, əzələ tonusunun zəifləməsi, bədənin bəzi hissələrinin natamam inkişafı, üzdə eybəcərliklər (dovşandodaqlıq, qurdağızlıq), mikrosefaliya (kəllənin ölçüsünün normadan kiçik olması), sindaktiliya (bitişik barmaqlar) kimi inkişaf anomaliyalarına gətirib çıxarır.
Hamiləlikdə qızdırma necə aradan qaldırılır?
Hamiləlikdə qızdırma zamanı müalicə yalnız həkim tərəfindən aparılmalıdır. Yuxarıda da yazıldığı kimi bir çox dərmanlar hamiləlik vaxtı əks göstərişdir. Bu faktı nəzərə alaraq, yalnız ginekoloq qızdırma əleyhinə məsləhət verərək, vəziyyəti yüngülləşdirə bilər.
Hamiləlikdə qızdırma zamanı ev şəraitində nə etmək olar?
Hamilə qadınların temperaturu yüksəldikdə limonlu, moruq və ya zoğal mürəbbəli çay, isti süd, çobanyastığı və sürvə (şalfey) dəmləmələri içə bilər. Bundan əlavə alın nahiyəsinə soyuq kompress və çox miqdarda maye qəbulu faydalıdır.
Xülasə
Hamiləlik zamanı qızdırma təhlükəli vəziyyət olduğundan özünüzü qorumağınız və ginekoloqla məsləhətləşmədən hər hansı dərman vasitəsindən istifadə etməməyiniz məsləhət görülür.