Hamiləlikdə suyun gəlməsi

Statistik məlumatlara əsasən 1 il ərzində keçirilən doğuşların 10%-i vaxtından əvvəl hesab edilir. Bu göstərici hər il yüksəlməkdə davam edir. Əksər qadınların fikrincə dölyanı mayenin axması və sızması eyni haldır. Bu, çox böyük səhvdir. Belə ki, doğuş aktına yaxın iri həcmdə suyun gəlməsi təbii hal olsa da, hamiləlikdə az miqdarda və kiçik porsiyalarla suyun axması təcili şəkildə xəstəxanaya getmək üçün ciddi səbəb hesab edilir.
Dölyanı maye
Dölün normal inkişafı üçün əlverişli şərait tələb olunur. Bətndaxili mühit onu istilik, qidalı maddələr ilə təmin etməklə yanaşı, həm də mənfi təsirlərdən (infeksiyalar, yüksək səs, temperatur dəyişməsi və.s) qoruyur. Sadalanan funksiyaları dölyanı, yəni amniotik maye yerinə yetirir. Ancaq bəzən hamiləlikdə mayenin sızması müşahidə edilir ki, bu da patoloji hal sayılır.
Hamiləlikdə suyun gəlməsi ilə sadə vaginal axıntını necə fərqləndirmək olar? Əlamətlər və göstəricilər
Qoxu
Dölyanı maye yüngül şirin qoxuludur. Spesifik iyə malik olmur.
Qatılıq
Qatılığına görə amniotik maye suyu xatırladır.
Rəng
Normalda dölyanı maye rəngsiz olur. Axırıncı trimestrdə (3 aylıqda) isə bir qədər bulanıqlaşır. Onun yaşılımtıl, qəhvəyi, qırmızı rəng alması döldə yaranan patologiyalardan xəbər verir.
Miqdar
Hamiləlik həftəsi irəlilədikcə dölyanı mayenin miqdarı tədricən artır. Ancaq doğuşdan öncəki dövrdə get-gedə azalır.
- 10 həftə – 30 ml;
- 20 həftə – 400 ml
- 35 həftə – 1200 ml;
- 40-41 həftə – 700 ml.
Hamiləlikdə suyun gəlməsi damcı və axın şəklində ola bilər. Qadın bədən vəziyyətini dəyişdikdə, bu axıntılar artırsa, mütləq həkim-ginekoloqa müraciət etmək lazımdır.
Hamiləlikdə suyun gəlməsi – səbəbləri
Əsas səbəb kimi döl qişasının tamlığının pozulması götürülür. Bu vəziyyət bir neçə amillə bağlı ola bilər:
- Urogenital infeksiya. Hamiləlikdə suyun gəlməsi kolpit (uşaqlıq yolunun iltihabı), servisit (uşaqlıq boynunun iltihabi xəstəliyi), adneksitdən (yumurtalıqlar və uşaqlıq borularının iltihabı) əziyyət çəkən qadınlarda müşahidə edilə bilər;
- Travma. Qarına intensiv mexaniki təsir (yıxılma, zərbə) amniotik kisənin cırılmasına – suyun axmasına səbəb ola bilər;
- Hamiləlikdə patologiyalar, çoxdöllü hamiləlik, dölün sarğı və ya yan gəlişi, dölyanı mayenin çox olması. Bu amillər döl kisəsinin divarlarına təzyiqi artırmaqla onun cırılmasına şərait yaradır;
- Plasentar (cift) qan dövranının pozulması, plasentar çatışmazlıq, ciftin vaxtından əvvəl ayrılması, istmiko-servikal çatışmazlıq (uşaqlıq boynunun vaxtından əvvəl açılması);
- Bəzi tibbi müayinələr (xorionun biopsiyası, amniosintez).
Hamiləlikdə suyun gəlməsi nə vaxt baş verə bilər?
Əksər hallarda dölyanı mayenin sızması axırıncı trimestrdə və doğuşdan bir neçə gün öncə müşahidə edilir. Hamiləlikdə erkən dövrlərdə suyun gəlməsi nadir hallarda qeydə alınır.
Hamiləlikdə suyun gəlməsi – I trimestr
Bu periodda dölyanı mayenin sızması çox kiçik porsiyalarla və damcı şəklində olduğundan onu aşkar etmək çətinlik törədir. Belə hallara həm də erkən hamiləlikdə artan vaginal axıntı fonunda gözdən qaça bilər. Əgər sızma baş veribsə, ginekoloqlar adətən hamiləliyi sonlandırmağı tövsiyə edirlər.
Hamiləlikdə suyun gəlməsi – II trimestr
Bu period daha təhlükəli hesab edilir. Belə vəziyyətlərdə amniotik kisənin tamlığının pozulma səbəblərini müəyyənləşdirmək çox önəmlidir.
Başlanğıcda hamiləliyi uzatmaq və əlamətləri azaltmaq üçün xüsusi preparatlardan istifadə edilir. Ancaq təəssüf ki, sızmanın diaqnostikasının mürəkkəbliyi səbəbindən hər zaman vaxtında tədbir görmək mümkün olmur. Nəticədə hamiləlik sonlandırılır.
Hamiləlikdə suyun gəlməsi – III trimestr
Bu dövrdə suyun gəlməsi daha yüngül dərəcəli patologiya hesab edilir. Belə qadınlar xəstəxanaya yerləşdirilir, müalicə təyin edilir və doğuşa qədər həkim nəzarəti altında saxlanılır. Müalicə aşağıdakı məqsədləri daşıyır:
- Dölyanı mayenin infeksiyalaşmasının qarşısının alınması;
- Dölün tənəffüs sisteminin sürətlə yetişməsi;
- Uşaqlığın tonusunun azaldılması.
Hamiləlikdə suyun gəlməsi – doğuşdan öncəki interval
Bu problemlə qadın nə qədər gec rastlaşsa, körpə üçün proqnoz o qədər müsbət olar. 38 həftədən sonra suyun gəlməsi doğuş aktının başlanması mənasını verir. Bu vəziyyətdə ginekoloqlar doğuşu Qeysəriyyə əməliyyatı ilə aparırlar.
Hamiləlikdə suyun gəlməsi təhlükəli sayılırmı?
Bu, sızan mayenin miqdarından və davametmə müddətindən asılıdır. Suyun sızmasından sonra ilk 12 saat döl üçün bir o qədər də ziyanlı deyil. Hamiləlikdə suyun gəlməsi 12 saatdan artıq çox çəkdikdə, döl və ana üçün təhlükəli vəziyyət yaranır.
Suyun axmasının diaqnostikası
Diaqnoz yalnız kompleks müayinələrdən sonra təsdiqlənir:
- Fiziki müayinə;
- Transabdoinal USM;
- Amniosentez – dölyanı mayedən bir qədər götürülərək, laborator analizin aparılması;
- Uşaqlıq yolundan götürülmüş yaxmanın müayinəsi. Yaxmaya laborator şəraitdə mikroskop altında baxılır. Quruduqdan sonra dölyanı maye kristallaşaraq, qıjı yarpağına bənzər xarakterik şəkil aldıqda sızma təsdiq edilir.
Hamiləlikdə suyun gəlməsi necə müalicə edilir?
Müalicə metodu hamiləlik müddəti və sızan suyun miqdarına uyğun şəkildə seçilir:
- 22-ci həftədə dölün sərbəst yaşama qabiliyyəti olmadığından proqnoz qeyri-qənaətbəxş sayılır. Hamiləliyi pozmaq tövsiyə edilir.
- 22-ci həftədən sonra hospitalizasiya və maksimal sakitlik rejimi məsləhət görülür. Ehtiyac yarandıqda əlavə müalicə üsulları tətbiq edilir.
Hamiləlikdə suyun axması zamanı hansı dərmanlar təyin edilir:
- antibiotiklər – bakterial infeksiyanı müalicə edir;
- qlikokortikoidlər – dölün ağciyərlərinin yetişməsini, surfaktant sintezini sürətləndirir. Surfaktant -ağciyərdə ifraz olunan və körpənin doğulduqdan sonra tənəffüsünü təmin edən maddədir;
- tokolitik terapiya – uşaqlığın yığılmalarını zəiflədir;
- amnioinfuziya – dölyanı mayenin miqdarını normallaşdırır. Bu məqsədlə amniotik kisəyə duzlu məhlul yeridilir.
Dölyanı mayenin sızması həm ana, həm də körpə üçün təhlükəlidir
Ana üçün təhlükə:
- Endometrit – uşaqlığın daxili qatının iltihabı;
- İnfeksiyalaşma, iltihab, düşük və ya erkən doğuş təhlükəsi;
- Doğuşun çətinləşməsi.
Döl üçün təhlükə
- Dölyanı mayenin azalması ilə müdafiə funksiyası zəifləyir, infeksiyalaşma baş verir. Patogen mikroorqanizmlər qalxan yolla ciftə və döl qişalarına daxil olaraq çoxalır. Dölyanı mayedə bu mikroorqanizmlərin toplanması dölün yoluxmasına səbəb olur. İnfeksiyalaşmış dölyanı mayenın dölün tənəffüs yoluna düşməsi uşaqda boğulma və pnevmoniyaya gətirib çıxarır.
- Cift qan dövranının pozulması
- Ciftin erkən soyulması
- Dölün tələf olması
Yuxarıda qeyd etdiyimiz kimi, hamiləlikdə vaxtından əvvəl suyun gəlməsi təhlükəli hal sayılır. Ona görə də bu dövrdə daim həkim nəzarətində olmaq, vaginal axıntılara diqqət yetirmək, sızmadan şübhələndikdə dərhal ginekoloqla əlaqə saxlamaq lazımdır.