Hamiləlikdə tonus nədir?

22 Sentyabr 2019 Kateqoriya: Hamiləlik Müəllif:
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 29323
Hamiləlikdə tonus nədir şəkil
4.3/5 - (11 votes)

Uşaqlıqda tonus diaqnozu hamilə qadınların demək olar ki, 60%-nə qoyulur. Bəs tonus necə yaranır? Ümumiyyətlə, hamiləlikdə tonus nədir? Bu sualın cavabını bir qədər aydınlaşdıraq.

Hamiləlikdə tonus nədir – fikir ayrılığı

Mütəxəssislərin fikrincə tonus xəstəlik deyil, sadəcə bir əlamətdir. Bu simptom orqanizmdə bəzi proseslərin işə düşməsindən xəbər verir. Əcnəbi həkimlər tonus məsələsinə ciddi baxmırlar. Onlar hesab edirlər ki, əzələlərin gərgin olması fizioloji xarakter daşıyır və bu zaman tonusa qarşı hər hansı tədbir görməyə ehtiyac yoxdur.

Ancaq xarici mütəxxəsislərlə bizim ginekoloqların ortaq fikri ondan ibarətdir ki, belə bir hal müşahidə olunduqda ətraflı müayinə aparılmalıdır. Bu üsulla patologiyaları aşkara çıxarmaq mümkündür.

Uşaqlıqda tonus nədir?

Uşaqlıq qadın cinsi orqanı olub, özünəməxsus əzələ sisteminə malikdir. Əl və ayaq əzələlərindən fərqli olaraq, uşaqlığın əzələ qatı (miometrium) insan iradəsinə tabe deyil. Miometrial əzələlər qadın öskürdükdə, asqırdıqda, hətta güldükdə də yığılır. Ümumiyyətlə, uşaqlıq əzələləri periodik olaraq yığılıb-açılır və bu proseslərin heç biri hiss edilmir.

Uşaqlığın daxili qatında döl yumurtası böyüdüyü zaman orqanizm onu yad cisim kimi qəbul edir və aktiv şəkildə özündə kənarlaşdırmağa çalışır. Bu da miometriumun yığılması ilə təzahür edir. Nəticədə uşaqlığın tonusu yüksəlir – hamilə qadın ağrı ilə rastlaşır.

Hamiləlikdə tonus nədir – bu hal təhlükəlidirmi?

Əzələlərin tonusunun həddindən artıq güclənməsi (hipertonus) ciddi təhlükə törədə bilər. Hamiləlikdə tonus 1-ci trimestrdə müşahidə olunursa, düşük və dölün inkişafdan qalmasına gətirib çıxara bilər.

2 ci və 3-cü trimestrlərdə də analoji (eyni) hal müşahidə olunur. Hamiləlik vaxtından əvvəl doğuş və ən pis halda dölün ölümü ilə sonlanır.

Məsələ burasındadır ki, əzələlər yığılarkən cift sıxılır və döldə hipoksiya, yəni oksigen çatışmazlığı meydana çıxır. Çünki cift dölə lazımi miqdarda oksigen daşınmasında iştirak edən əsas orqandır.

Hamiləlikdə tonus nədir – qadında hansı narahatlıqlar yaranır?

hamiləlik zamanı qarında ağrılar;

– əzələlərin gərilməsi səbəbindən qarnın sərtləşməsi;

– bel-oma nahiyəsində diskomfort hissi,

– doğuş sancısını xatırladan qısamüddətli ağrılar;

– qanlı axıntı.

Hamiləlikdə tonus nədir şəkil 2

Hamiləlikdə tonus nədir – yaranma səbəbləri

Hamiləlikdən əvvəl qadının səhhətində heç bir problem müşahidə edilmədikdə, tonusa aşağıdakı amillər səbəb ola bilər:

  • az hərəkətlilik;
  • ayaqüstü iş;
  • stress vəziyyətlər;
  • 1-ci trimestrdə progesteron çatışmazlığı və toksikoz;
  • 3-cü trimestrdə plasentar çatışmazlıq;
  • qadında testosteron hormonunun normadan yüksək olması.

Hamiləlikdə tonus nədir – risk qrupuna kimlər daxildir?

  • siqaret çəkmə və spirtli içki qəbulu kimi zərərli vərdişləri olan;
  • təkrar abort edən;
  • çoxdöllü hamiləlik keçirən;
  • infeksion və ya virus xəstəliklərinə tutulan;
  • hipoplastik (anadangəlmə normadan kiçik) uşaqlığı olan;
  • qalxanvari vəzinin funksional pozğunluğundan əziyyət çəkən;
  • döl ilə fərqli rezus-faktora malik olan qadınlar.

Hamiləlikdə tonus vaxtından əvvəl doğuş və ya düşük ilə nəticələnən ciddi problemdir. Bu səbəbdən hamiləlik dövründə müntəzəm şəkildə ginekoloji müayinələrdən keçmək tövsiyə edilir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.3/5 - (11 votes)