Süni mayalanmada istifadə olunan dərmanlar
Sonsuzluq və onun müalicəsi zamanı təyin olunan preparatların əksəriyyəti süni mayalanmada yumurtalıqların stimulyasiyası mərhələsində də istifadə edilir. Hormonal preparatlar 3 ardıcıl mərhələ ilə yeridilir:
- vaxtından əvvəl ovulyasiyanın qarşısını almaq məqsədilə aybaşı tsiklinin və hormon səviyyəsinin idarə olunması;
- ovulyasiyanın stimulyasiyası;
- aybaşı tsiklinin II (lütein) fazasının dəstəklənməsi.
Həkim həm protokola, həm də xəstənin fərdi klinik göstəricilərinə əsaslanaraq, bu fazaların hər birində ayrı-ayrı dərman preparatları təyin edir.
Süni mayalanmada istifadə olunan dərmanlar – tsiklin idarə edilməsi
Tsiklin tənzimlənməsində stimulyasiya prosesinin idarə olunması mühüm əhəmiyyət kəsb edir. Bu mərhələ hormonların aqonist və antaqonistlərinin köməyilə yerinə yetirilir. Preparatların dozası və qəbul müddəti müxtəlif qadınlarda fərqli ola bilər.
İnyeksiyaların yeridilməsi ovulyasiyanın başlanmasına qədər davam edir. Həkim inyeksiya üçün optimal vaxtı müəyyənləşdirir. Belə ki, bu tarixlər konkret vəziyyətdən asılı olaraq, dəyişə bilər.
Süni mayalanmada istifadə olunan dərmanlar – ovulyasiyanın stimulyasiyası
Bu prosedur yumurtahüceyrələrin inkişafını stimulyasiya etmək üçün vacibdir. Xəstəyə qonadotropinlər təyin edilir.
- Ovulyasiyanın stimulyasiyası məqsədilə follikulstimuləedici hormon (FSH) 8-14 gün ərzində hər gün inyeksiya şəklində bədənə yeridilir;
- Yumurtahüceyrələr yetişən kimi yumurtalıqların stimulyasiyası və yumurtahüceyrələrin çıxması üçün insan xorionik qonadotropin hormonu vurulur;
- XQ inyeksiyasından sonra heç bir iynə vurulmur və 36 saat sonra yumurtahüceyrələrin punksiyası – onların yığılma proseduru başlayır.
- Bəzi qadınlara FSH ilə birlikdə lüteinləşdirici hormon (LH) təyin oluna bilər.
Süni mayalanmada istifadə olunan dərmanlar – lütein fazanın dəstəklənməsi
Ovulyasiya uşaqlığın daxili qatını – endometriumu mayalanmış yumurtahüceyrənin implantasiyası (yapışması) prosesinə hazırlaşma mexanizmini işə salır. Protokola əsasən bu mərhələdə progesteron preparatlarından istifadə edilir. Həmin dərmanlar peroral (ağızdan qəbul edilən), vaginal kapsul və krem, əzələdaxili inyeksiya şəklində buraxılır.
Süni mayalanmada istifadə olunan dərmanlar – hormon inyeksiyası necə edilir?
Süni mayalanma çərçivəsində 2 tip inyeksiya mövcuddur: dərialtı və əzələdaxili.
Dərialtı – qarın və bud nahiyəsinə yeridilir.
Əzələdaxili – iynə sağrının yuxarı-bayır ¼-nə vurulur.
Süni mayalanmada istifadə olunan dərmanlar üçün alətlər
İnyeksiyalar bir sıra alətlər vasitəsilə yerinə yetirilir:
- Üzərində düyməli dəstəyi olan şpris;
- Öncədən doldurulmuş porşenli şpris;
- İçində liofilizə olunmuş toz olan flakon və o toz ilə qarışdırmaq üçün məhlulla dolu ampul;
- Doldurulmuş şpris tək dozalı və ya bir neçə dəfəlik olur. Stimulyasiya boyu şprisin iynəsini dəyişdirməklə, bir neçə dəfə inyeksiya yeridilə bilər.
Xülasə
Süni mayalanmada orqanizmdəki təbii hormonların sintetik əvəzediciləri, analoqları təyin olunur. Nəzərinizə çatdıraq ki, həmin preparatların bir çox əks göstərişləri və əlavə təsirləri vardır. Məhz buna görə də hər bir preparat xəstəyə görə individual seçilir. Özbaşına bu dərmanlar qəbul edilə bilməz.