Aybaşı haqqında

19 Sentyabr 2019 Kateqoriya: Aybaşı Müəllif:
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 1567
Aybaşı haqqında şəkil
Rate this post

Hər ay menstruasiya olmalarına baxmayaraq, əksər qadınlar bu prosesin mahiyyətini bilmir. Əlbəttə ki, hər bir qadın aybaşı vaxtı nə etmək lazım gəldiyini bilir. Ancaq aybaşı haqqında bir o qədər də geniş təsəvvürə malik olmur. Menstruasiya mövzusunda doğru və ya yalnış olduğunu araşdırdığımız bəzi faktları nəzərinizə çatdırırıq:

Aybaşı haqqında Fakt №1: Menstrual tsiklin uzunluğu eyni olmur

Doğrudur. Tsiklin müddəti müxtəlif qadınlarda fərqli olmaqla yanaşı, həm də eyni insanda zaman keçdikcə dəyişir. Orta hesabla aybaşı tsikli 28-35 gündür. Tsikl keçmiş menstruasiyanın 1-ci günündən hesablanır. Bu gündən etibarən ovulyasiyaya qədərki 1-3 həftə birinci faza adlanır. Ovulyasiyadan sonrakı ikinci faza isə 14 gün davam edir.

 

Aybaşı haqqında Fakt №2: Bəzi qadınlar ovulyasiyanı hiss edir           

Doğrudur. Ovulyasiya – yetişmiş follikulun partlaması nəticəsində yumurtahüceyrənin yumurtalıqdan qarın boşluğuna düşməsidir. Əksər qadınlarda bu proses nəzərə çarpmadan keçir. Bəziləri isə ovulyasiyanın simptomlarını hiss edir. Bu əlamətlər qarın boşluğunda yüngül ağrılar, bazal temperaturun yüksəlməsi, süd vəzilərində həssaslığın artmasıdır.

Aybaşı haqqında şəkil 1

Aybaşı haqqında Fakt №3: Menstruasiya ağrıları təkcə qarında olmur              

Doğrudur. Əzələlərdə spesifik küt ağrılar bel-oma nahiyəsi və ayaqlara yayıla bilər. Buna səbəb sinir uclarının qarın boşluğu səviyyəsində kələf əmələ gətirib, bir neçə orqana şaxə verməsidir.

Aybaşı haqqında Fakt №4: Cinsi əlaqə menstruasiya ağrılarını azaldır

Yanlışdır. Bu, özünü təlqin etməkdən savayı bir şey deyildir. Alimlər bunun tam əksini isbat etmişlər. Cinsi əlaqə zamanı uşaqlıq yığılmaları artır, spazm daha da güclənir.

Aybaşı haqqında Fakt №5: Ovulyasiya müddətində olan qadınlar kişilərə daha cazibədar gəlir       

Bu faktın doğruluğu xarici görünüşlə deyil, spesifik qoxu ilə əlaqədardır. Könüllü insanlar üzərində aparılan təcrübəyə əsasən ovulyasiya dövründə qadınların geyindiyi paltarı iyləyən kişilərdə testosteron səviyyəsi artır. Həmçinin bəzi qadınlarda ovulyasiya zamanı libido (cinsi istək) yüksəlir.

Aybaşı haqqında şəkil 2

Aybaşı haqqında Fakt №6: Tsikl hamiləlik əleyhinə dərman qəbulunu kəsdikdən 1 il sonra normallaşır       

Doğrudur. Kontraseptivlər ovulyasiyanı zəiflədir və təbii hormonları əvəz edən süni hormonlar əmələ gətirir. Nəticədə hamiləlik baş vermir. Dərman qəbulu dayandırıldıqdan sonra orqanizm ovulyasiyanı bərpa edir və hormonlar yenidən sintez olunur.

Bu prosesə minimum 6 ay vaxt tələb olunur. Bəzən isə həmin müddət 1 ilə qədər uzanır. Bu intervalda qadına menstruasiya pozğunluğu diaqnozu qoyulmamalıdır.

Aybaşı haqqında Fakt №7: Bəzi vitamin və minerallar menstruasiyanın əlamətlərini yüngülləşdirir  

Doğrudur. Kalsium aybaşı ağrılarını azaldır, D-vitamini əhval-ruhiyyəni yüksəldir. Maqnezium qıcıqlanma və əzələ spazmlarını aradan qaldırır.

Aybaşı haqqında Fakt №8: Bu günlərdə qadınlarda göbələk xəstəliyinin inkişaf riski yüksəlir

Yanlışdır. Əslində menstruasiya qanı uşaqlıq yolunun pH-nı yüksəltdiyindən canlı orqanizmlər bu mühitdə yaşaya bilmir.

Ancaq bəzən hormonların təsirindən tam əksi baş verir. Yəni aybaşı zamanı infeksiyaya yoluxma artır, spesifik balıq iyli ifrazat müşahidə olunur. Bu halda həkimə müraciət etmək zəruridir.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
Rate this post