Menstruasiya nədir?

28 Sentyabr 2019 Kateqoriya: Aybaşı Müəllif:
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 1994
Menstruasiya nədir? şəkil
4.4/5 - (13 votes)

Hər bir qadın öz aybaşı tsiklinin davamiyyətinə fikir verməlidir. Çünki normadan kənaraçıxma halları ciddi xəstəliyin əlaməti ola bilər.

Menstrual tsikl nədir?

Menstrual tsikl qadın orqanizmində cinsi hormonların: estrogen və progesteronun təsiri altında dövrü şəkildə baş verən prosesdir.

Menstruasiya nədir – daha ətraflı

Menstruasiya uşaqlığın daxili qişasının soyulması nəticəsində uşaqlıq yolundan qanlı axıntının ifraz olunması ilə xarakterizə edilir. Aybaşı qanaxması 3-5 gün davam edir. Menstruasiya qanı bitdikdə uşaqlığın selikli qişası tamamən yenilənir.

Menstruasiya nədir – dominant follikul

Follikul – daxilində yumurtahüceyrə yetişən maye tərkibli strukturdur. O, yumurtalıqda aybaşının ilk günündən etibarən böyüməyə başlayır. Hər ay yumurtalıqlardan birində yalnız 1 ədəd follikul böyüyür. Bu, dominant follikuldur. 28-30 günlük aybaşı tsiklinin 11-14-cü günü həmin follikul maksimal ölçüyə (18-21 mm) çatır.

Menstruasiya nədir? şəkil 1

Menstruasiya nədir – ovulyasiya barədə

Dominant follikulun partlaması, daxilindəki maye ilə birlikdə yetişmiş yumurtahüceyrənin qarın boşluğuna atılması ovulyasiya adlanır.

Menstruasiya nədir – lütein faza

Mayalanma baş verdikdə, eləcə də embrion uşaqlığın divarına implantasiya olunduqda partlamış follikulun yerində progesteron hormonu ifraz edən və orqanizmi hamiləliyə hazırlayan sarı cisim yetişir. Ona latın dilində corpus luteum deyilir. Məhz bununla əlaqədar tsiklin həmin fazası lutein faza adlanır.

Hamiləlik baş tutmadıqda hansı proseslər gedir?

Mayalanmış yumurtahüceyrə uşaqlığa yapışdışdıqda sarı cismin ölçüləri böyüyür və plasenta (cift) əmələ gələnə qədər progesteron sintez edir. Əgər hamiləlik yoxdursa, sarı cisim kiçilir və hormon ifrazı dayandır. Qanda hormonların səviyyəsi get-gedə azalır. Uşaqlığın selikli qişasını qidalandıran damarlarda spazm yaranır, nəticədə selikli qişanın hüceyrələri məhv olur və orqanizmdən kənara atılır. Növbəti menstruasiya baş verir.

Menstruasiya nədir? şəkil 2

Menstruasiya nədir – tsikl necə tənzimlənir?

Menstrual tsiklin fazaları və davamiyyəti hormonlar tərəfindən idarə olunur. Hormonal balansa həm də orqanizmin vitaminlərlə təchiz olunması faktoru təsir edir. Vitaminlərlə maddələr mübadiləsinin aktivliyi, hormonların sintez və effektivliyi arasında sıx əlaqə mövcuddur.

Menstruasiya nədir – tsiklin normativi varmı?

İdeal menstrual tsikl 28 gündür. Əksər qadınlarda bu interval 25-35 gün olur. Ancaq tsiklin dövrülüyü, yəni müddəti maksimum 2 gün xəta ilə eyni olmalıdır. Yəni qadın hər dəfə 31 gündən bir menstruasiya olmalıdır. Aybaşının bir dəfə 31, o biri dəfə isə 22 gündən sonra təkrarlanması patoloji hal sayılır. Nəzərinizə çatdıraq ki, dövrülük aybaşının 1-ci günündən növbəti aybaşının ilk gününə qədər hesablanılır. Normada hər təqvim ayı qadın aybaşı olmalıdır. Əgər gözlənilən tarixdən 1 həftə keçibsə, gecikmə varsa bu zaman 2 faktor nəzərə alınır:

  • hamiləlik
  • aybaşı pozğunluğu və onun yaranma səbəbi.

Normada menstruasiya qanı 70-100 ml arasında dəyişir. Axıntının 70 ml-dən az (hipomenoreya)v ə ya 130 ml-dən çox olması (hipermenoreya) patologiyadır.

Menstruasiya nədir? şəkil 5

Ağrılı menstruasiya nədir?

Dismenoreya – aybaşı önü və menstruasiyanın 1-2-ci günlərində qarnın aşağı hissəsində ağrıların olmasıdır.

İlk menstruasiya nədir?

Cinsi yetişkənlik yaşına çatmış 12-15 yaşarası qızlarda ilk aybaşı menarxe adlanır. Bu dövrdə menstruasiya tsikli 1-2 il ərzində dalğavari olsa da tədricən tənzimlənir. Tsikl normallaşmadıqda övladınızı ginekoloq yanına aparmaq məsləhətdir.

Xülasə

Menstruasiya hər bir qadının həyatının vacib hissəsini təşkil edir. Çünki hamiləlik, sağlam uşağın dünyaya gəlməsi ilə aybaşı tsikli arasında sıx bağlılıq vardır. O üzdən menstrual pozğunluqlar zamanı mütləq həkim müayinəsindən keçib, vaxtında müalicəyə başlamaq lazımdır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.4/5 - (13 votes)