Hamiləlikdə aybaşı olurmu?

Hamiləlikdə aybaşı – real olsa da, anormal bir hadisədir. Əslində hamiləlik və menstruasiya bir-biri ilə uzlaşmayan anlayışlardır. Vəziyyəti tam anlamaq üçün insan anatomiyasından kiçik bir xatırlatmaya nəzər yetirək.
Qadınlarda uşaqlıq 3 qatdan: xarici, orta və daxili qişadan ibarətdir. Endometrium – uşaqlığın mayalanmadan sonra qalınlaşan ən hərəkətli, daxili qatıdır. Mayalanma baş vermədikdə endometrium soyulur və aybaşı yaranır. Məhz bu anatomik və fizioloji xüsusiyyətlərə əsaslanaraq, hamiləlikdə aybaşı olurmu sualına məntiqlə “xeyr” cavabı vermək mümkündür.
Erkən hamiləlikdə aybaşı olurmu?
Fizioloji olaraq hamiləlik zamanı menstruasiya baş vermir. Ancaq bəzən aybaşı vaxtına yaxın tarixdə uşaqlıq qanaxmaları müşahidə edilir və menstruasiya kimi dəyərləndirilir. Ancaq bu qanaxmaların xarakteri aybaşıdan fərqlənir.
Hamiləlikdə aybaşı olurmu – təhlükəli sayılmayan hallar
- Mayalanmış yumurtahüceyrə menstruasiya tarixinə qədər uşaqlıq divarına yapışmadıqda. Belə vəziyyətdə erkən hamiləlik vaxtı çox az qanaxma ola bilər. Bu proses orqanizmdə hormonal dəyişikliyə gətirib çıxarmır.
- Yumurtalıqlarda 1 deyil, 2 yumurtahüceyrə yetişdikdə və onlardan yalnız biri mayalandıqda. Bu zaman hamiləlikdə başlanğıc dövrlərdə menstruasiya ola bilər.
- Hormonal fon pozulduqda. Məsələn, qadında androgenlər – kişi hormonları üstünlük, estrogenlər isə azlıq təşkil edə bilər. Hər iki halda döl üçün təhlükə yaranmır. Belə pozğunluğu ginekoloqa müraciət edərək, hormonal preparatlarla tənzimləmək olar.
Erkən hamiləlikdə aybaşı olurmu – təhlükəli hallar
- Hamiləliyin ilk həftələrində döl kisəsinin soyulması, düşük səbəbindən aybaşı axıntısı müşahidə oluna bilər. Soyulma kiçik hissədə baş verdikdə, orqanizm aktiv şəkildə progesteron sintez etməklə onun öhdəsindən gələ bilər.
- Uşaqlıq yolu və boynunun mexaniki zədələnmələri nəticəsində erkən hamiləlikdə aybaşı şəklində az miqdarda qanaxma ola bilər. Məsələn, müayinə zamanı yaxma götürüldükdən sonra əmələ gələn damcı şəkilli qanaxma.
- Cinsi əlaqə zamanı az miqdarda qanaxma yarana bilər.
- Uşaqlıqdan kənar hamiləlik də qanaxmalarla müşayiət oluna bilər. Belə qadınlarda döl uşaqlıq əvəzinə, boruda yetişir və böyüyür. Nəticədə uşaqlıq borusu cırılaraq, xəstənin ölümünə səbəb ola bilər.
- Döldə patoloji dəyişikiklər, qadında genetik xəstəliklər olduqda hamiləlikdə aybaşı müşahidə edilir. Bu zaman dölün həyatını xilas etmək mümkün olmur.
Hamiləlik zamanı menstruasiya – həkimə müraciət etmək üçün çox ciddi səbəbdir. Təəssüf ki, əksər qadınlar hamiləlikdə aybaşı şəklində qanaxmalarla rastlaşdıqda, buna etinasız yanaşırlar. Vaxt itkisi çox vaxt həm ana, həm də döl üçün acınacaqlı halla nəticələnir.