Xalq arasında qadın xəstəlikləri kimi tanınan patologiyaların elmi adı ginekoloji xəstəliklərdir. Onlar aşağıdakı qruplara bölünür: infeksion, endokrin və şiş mənşəli. İnfeksion xəstəliklərin əksəriyyəti cinsi yolla keçir. Onlara trixomoniaz, qonoreya, göbələk xəstəliyi və s. misal göstərmək olar.
Endokrin mənşəli patologiyalar hipofiz, böyrəküstü vəzi və yumurtalıqların fəaliyyətinin pozulması nəticəsində yaranır. Məsələn, polikistoz yumurtalıqlar sindromu, hiperprolaktinemiya. Qadınlarda meydana çıxan xoş və bədxassəli şiş xəstəliklərinə isə uşaqlıq boynunun dəyişiklikləri (ektopiya), mioma, yumurtalıq və uşaqlığın xərçəngi aiddir.
Qadın xəstəlikləri haqqında
Statistik məlumatlara əsasən reproduktiv yaşda (15-69 yaş) olan qadınların 60%-də ginekoloji xəstəliklər müşahidə edilir. Lakin ekspertlər bu faizin daha çox olduğunu düşünürlər. Ən çox yayılmış xəstəliklər: ginekoloji orqanların (uşaqlıq, yumurtalıqlar, uşaqlıq boruları) iltihabi, hormonal və şiş xəstəlikləri, aybaşı pozğunluğu və endometrioz hesab olunur.
Müasir ginekologiya qadın xəstəliklərinin müalicəsi məqsədilə geniş spektrli üsullar təqdim edir. Terapiyanın əsasında medikamentoz, yəni dərman müalicəsi dayanır. Bu metodla yanaşı fizioterapavtik prosedurlar, ehtiyac yarandıqda hətta cərrahi müdaxilə aparılır. Qadın xəstəlikləri zamanı təyin edilən preparatlar, həb, kapsul, vaginal şam, maz, inyeksiya formasında olur.
Problemin xarakterindən asılı olaraq, həkim xəstəyə aşağıdakı qrup dərmanlar təyin edə bilər:
qeyri-steroid iltihabəleyhinə vasitələr;
antibiotiklər;
göbələk və ya virusəleyhinə preparatlar;
hormonal dərmanlar;
vitamin kompleksləri;
iltihabəleyhinə steroid (hormonal) vasitələr;
dəmir preparatları;
antiseptiklər.
Qadın xəstəlikləri zamanı dərmanlar hansı məqsədlə istifadə edilir?
Qeyri-steroid iltihab əleyhinə dərmanlar – iltihabi və infeksion proseslərdə sidik-cinsiyyət orqanlarındakı iltihabı, həmçinin aybaşı ağrılarını azaldır;
Antibiotiklər, antiseptiklər, göbələk və virus əleyhinə vasitələr infeksion xəstəlikləri və onların ağırlaşmasını aradan qaldırır;
Hormonal preparatlar endokrin mənşəli qadın xəstəlikləri zamanı hormonal fonu normallaşdırır. Bundan başqa kombinəolunmuş oral kontraseptivlər fərqli sxemlərlə təyin edilərək, arzuolunmaz hamiləliyin qarşısını alır, həmçinin sonsuzluğun müalicəsində iştirak edir;
Steroid quruluşlu iltihab əleyhinə dərmanlar çox güclü təsirə malikdir. Diaqnostik və cərrahi manipulyasiyalardan sonra çanaq boşluğunda bitişmələrin (spaykaların) profilaktikası məqsədilə tətbiq edilir;
Vitamin kompleksləri qadın xəstəlikləri zamanı orqanizmə köməkçi vasitə kimi qəbul edilir;
Bəzi hallarda, məsələn, aybaşı vaxtı çoxlu qan itirən, xroniki anemiyalı xəstələrə həkim dəmir preparatı təyin edə bilər.
Qadın xəstəliklərinin müalicəsi – minimal invaziv metodlar
Bu metodlar bəzi hallarda cərrahi əməlliyyatı əvəz edir:
Kriodestruksiya – toxumalara aşağı temperaturla (soyuqla) təsir etmə üsuludur. Belə hallarda patoloji patoloji ocaq maye azotla dondurulur. Bu cür yanaşma uşaqlıq boynunun kistaları, kondilomalar, xroniki serivisitlər (uşaqlıq boynunun iltihabı) kimi qadın xəstəliklərinin müalicəsi zamanı öz effektivliyini sübut etmişdir.
Kimyəvi destruksiya – uşaqlıq boynunun eroziyası, kistaları, servikal kanalın poliplərində effektiv sayılır. Ancaq bu prosedurda istifadə edilən xüsusi kimyəvi substansiyalar (məsələn, solkovagin) kriodestruksiyadan fərqli olaraq, doğmamış qadınlara göstərişdir.
Radiodalğalı terapiya – cərrahi müdaxilənin alternativ üsulu sayılır. Radiodalğalar toxumaları qızdıraraq, patoloji sahələri qansız yolla məhv edir. Bu metod hamiləlik planlaşdıran qadınlarda eroziyanın müalicəsində tətbiq olunur.
Lazerlə müalicə – bir çox qadın xəstəlikləri zamanı effektiv müalicə üsuludur. Bundan başqa lazerdən intim plastika, doğuşdan sonra uşaqlıq yolu divarlarının möhkəmliyi və elastikliyinin bərpası məqsədilə istifadə edilir.
Qadın xəstəlikləri zamanı cərrahi müdaxilə
Cərrahi müdaxilə yuxarıda sadalanan metodlar müsbət nəticə vermədikdə və ya onların icrasına göstəriş olmadıqda aparılır. Məsələn, uşaqlığın iri ölçülü xoşxassəli şişləri, o cümlədən ölçüsündən asılı olmayaraq digər cinsiyyət orqanlarının onkoloji xəstəlikləri zamanı cərrahi müdaxilə qaçılmaz olur.
Qadın xəstəlikləri – xalq təbabəti
Keçmiş zamanlardan bəri qadın xəstəlikləri xalq təbabəti ilə məşğul olan insanların müalicə obyektlərindən sayılır. Bu məqsədlə müxtəlif bitki və təbii vasitələrdən istifadə edilir. Onlara çobanyastığı (romaşka), zirinc, boymadərən (tisyaçelistnik), dəmrovotu (çistotel), gülümbahar (kalendula) və s. bitkiləri aid etmək olar.
Sonda onu da qeyd edək ki, hətta yüngül formalı əlamətlərə rast gəldikdə belə, vaxt itirmədən ginekoloqa müraciət etməyiniz məsləhətdir. Bu yolla Siz xəstəliyi ilkin mərhələdə aşkar edib, ağırlaşmaların qarşısını ala bilərsiniz.