Sonsuzluq nədən əmələ gəlir?

Sonsuzluq – aktiv cinsi həyat sürən qadın və kişilərin 1 il ərzində uşaq sahibi ola bilməməsidir. Sonsuzluğun səbəbləri müxtəlifdir.
Sonsuzluq nədən əmələ gəlir – hormonal disbalans
Aybaşı tsikli – hormonların təsiri altında gedən mürəkkəb bir prosesdir. Hormonal disbalans yumutahüceyrənin yetişməsinin pozulmasına, bu isə öz növbəsində qeyri-kafi ovulyasiyaya və sarı cismin çatışmazlığına gətirib çıxarır.
Hormonal disbalansın aşağıdakı səbəbləri vardır:
- Kişi hormonlarının qadın orqanizmində normadan artıq olması;
- Stress və gərginlik;
- Həddindən artıq fiziki aktivlik;
- Bədən kütlə indeksinin sürətlə azalması, kəskin arıqlama;
- Piylənmə;
- Qalxanabənzər vəzin funksiyasının pozulması.
Sonsuzluq necə yaranır – uşaqlıq borularının vəziyyəti
Uşaqlıq borusu – yumurtahüceyrənin mayalanması və daha sonra onun uşaqlıq boşluğuna hərəkətini təmin edən orqandır. Boru keçiriciliyinin hissəvi və ya tam pozulması sonsuzluq törədir. Uşaqlıq borularının keçməməzliyi bir sıra amillərlə bağlıdır:
- Kəskin iltihab;
- Əməliyyatdan sonra çapıqların əmələ gəlməsi;
- Uşaqlıqdan kənar hamiləlik (bu zaman boru kəsilir);
- Endometrioz;
- Boruların süni yolla bağlanması.
Sonsuzluq hansı səbəblərdən əmələ gəlir – endometrioz
Anamnezində sonsuzluq olan qadınların 15%-də endometrioz aşkarlanır. Endometrioz – uşaqlığın daxili qatı olan endometrium hüceyrələrinin uşaqlıqdan kənarda – yumurtalıq, borular, bağırsaq və ya sidik kisəsində inkişaf etməsidir.
Sonsuzluq nədən əmələ gəlir – polikistoz yumurtalıq sindromu
Ultrasəs müayinəsində yumurtalıqlarda mirvari şəklində ardıcıl düzülən 5-7 mm ölçülü follikulların təyin olunması polikistoz diaqnozunu təsdiqləyir. Bu follikullar böyümür, onların daxilində yumurtahüceyrə yetişmir. Qadınlarda qalxanabənzər vəzinin patologiyaları və insulin mübadiləsi pozulmalarında polikistoz sindrom müşahidə olunur.
İmmunoloji sonsuzluq
Müdafiə funksiyalarının pozulması nəticəsində spermatozoidlər və ya mayalanmış yumurtahüceyrə orqanizm tərəfindən yad hüceyrə kimi qəbul olunur və məhv edilir. Nəticədə mayalanma ümumiyyətlə baş tutmur və ya mayalanmış yumurtahüceyrənin uşaqlığa implantasiyası, inkişafı mümkün olmur.
Sonsuzluq nədən əmələ gəlir – uşaqlıq və uşaqlıq boynunun patoloji dəyişiklikləri
Çanaq orqanlarında əməliyyat və ya iltihabdan sonrakı çapıqlaşma spermatozoidlərin uşaqlıq boynundan uşaqlığa və ya uşaqlıqdan borulara hərəkətinə mane olur. Nəticədə mayalanma baş vermir.
Kişilərdə sonsuzluq nədən əmələ gəlir?
- endokrin pozğunluqlar;
- varikosele (xayalarda damar genişlənməsi);
- cinsiyyət orqanlarının anadangəlmə anomaliyaları;
- genetik patologiyalar (xayaların qarın boşluğunda olması – kriptorxizm);
- cinsi yolla keçən infeksiyalar (xlamidioz, qonoreya, ureplazma, trixomoniaz və s.);
- digər infeksion xəstəliklər (bruselyoz, epidemik parotit);
- impotensiya.
Sadaladığımız kimi həm kişilər, həm qadınlarda sonsuzluq müxtəlif patologiyaların nəticəsi ola bilər. Bu xəstəlikləri müəyyənləşdirmək və sonsuzluğu müalicə etmək üçün vaxtında həkimə müraciət olunmalıdır.