Aybaşı qanının az olması

20 Sentyabr 2019 Kateqoriya: Aybaşı pozğunluğu Müəllif:
Oxuma vaxtı: 5 dəq Oxunma sayı: 12333
Aybaşı qanının az olması şəkil
4.8/5 - (116 votes)

Reproduktiv yaşda olan qadınların əksəriyyəti menstruasiya müntəzəm olduqda, artıq onun xarakterinə fikir vermirlər. Ancaq nəzərə almaq lazımdır ki, axıntıların periodikliyi ilə yanaşı onların davamiyyəti və miqdarı də önəm daşıyır.        

Aybaşı qanının az olması – hipomenoreya 

Hipomenoreya menstruasiya pozğunluğudur. Bu zaman 1 tsikl ərzində menstrual axıntı 50 ml-dən az, açıq və ya tünd-qəhvəyi çalarda olur. Əksər hallarda aybaşı qanının az olması xoşagəlməz əlamətlərlə müşayiət edilmir. Lakin bəzi qadınlarda baş ağrıları, ürəkbulanma, bel-oma və qarın nahiyəsində dartılan ağrı müşahidə oluna bilər. Hipomenoreya bir qayda olaraq, qanda estrogen səviyyəsinin azalması, cinsi həvəs və reproduktiv funksiyanın zəifləməsi ilə təzahür edir. 

 

Aybaşı qanının az olması – təsnifat 

Hipomenoreya xarakterinə görə: fizioloji və patoloji olmaqla 2 qrupa bölünür. 

Fizioloji hipomenoreya öz növbəsində 2 formaya ayrılır: 

  •  yeniyetmələrdə ilkin aybaşı vaxtından etibarən 2 il ərzində adaptasiya fonunda hipomenoreya
  • 45 yaşdan sonra premenopauza (klimaksdan əvvəl) dövründə hipomenoreya

Aybaşı qanının az olması şəkil 2

Yeniyetmə qızlarda aybaşı qanının az olması   

Menarxe dövründə qızlarda nəinki aybaşı qanının az gəlməsi, həmçinin tsiklin 5-8 həftəyə qədər uzanması da mümkündür. Bu zaman menstrual axıntılar 2 gündən az davam edir. Hətta bəzən aybaşı ildə 2-4 dəfə ola bilər. Bu hal adaptasiya dövrü kimi normada 1.5-2 il davam edir. Sonradan tsikl müntəzəm xarakter alır. 

Premenopauza dövründə aybaşı qanının az olması   

Premenapauza dövründə olan qadınlarda hipomenoreya təbii hal sayılır. Onlarda tədricən aybaşı günləri qısalır, tsikl isə uzanır. Bu dövr orta hesabla 2-3 il çəkir, klimaks ilə nəticələnir.   

Patoloji hipomenoreya 

  • Birincili hipomenoreya – cinsi yetişkənlik dövründən başlayaraq, fizioloji adaptasiya müddəti bitdikdən sonra uzun aybaşı tsikli, qısa və az menstruasiya ilə təzahür edir.  
  • İkincili hipomenoreya – normal aybaşı tsiklinin hər hansı səbəbdən pozulmasıdır. 

Aybaşı qanının az olması şəkil 1

Aybaşı qanının az olması – birbaşa səbəblər

  • çəkinin dəyişməsi – anoreksiya, ağır pəhriz saxlamaqla həddindən artıq arıqlama, gərgin fiziki məşqlər, piylənmə; 
  • maddələr mübadiləsinin pozulması; 
  • qidada vitaminlərin çatışmazlığı, anemiya;
  • stress və emosional gərginliklər, nevroloji və psixiatrik xəstəlikər;
  • endokrin pozğunluqlar; 
  • sidik-cinsiyyət orqanlarının travma və cərrahi manipulyasiyaları;
  • cinsi orqanların inkişaf anomaliyaları, uşaqlığın hissəvi rezeksiyası (bir hissəsinin çıxarılması);
  • cinsi orqanların vərəmi;
  • cinsi yolla keçən infeksiyalar
  • ptiutar adenoma (hipofizin xoşxassəli şişi);
  • oral kontraseptivlərin qəbulu. 

Aybaşı qanının az olması şəkil 3

Aybaşı qanının az olması – ikincili səbəblər 

  • orqan və sistemlərin funksional pozğunluğu; 
  • hipofiz və yumurtalıq səviyyəsində gedən hormonal dəyişikliklər; 
  • hormonal disbalans fonunda uşaqlığın qan təhcizatının azalması və bununla əlaqədar endometriumun aybaşı dövründə natamam qalınlaşması.  

Aybaşı qanının az olması – əlamətləri 

  • bez üzərində çətinliklə seçilən damcıvari ləkələrə rast gəlinməsi;
  • axıntı rənginin açıq çəhrayı ilə tünd qəhvəyi arasında dəyişməsi;
  • menstruasiya günlərinin qısalması;  
  • bəzən qarında ağrı, başgicəllənmə, ürəkbulanmanın yaranması; 
  • çox nadir hallarda burun qanaxmalarının müşahidə edilməsi; 
  • estrogen hormonunun səviyyəsinin azalması səbəbindən cinsi istəyin zəifləməsi; 
  • menstrual tsiklin uzanması; 
  • depressiv hallar;
  • apatiya (səbəbsiz yorğunluq, əzginlik hissi);
  • qıcıqlanma. 

Aybaşı qanının az olması şəkil 7

Aybaşı qanının az olması – diaqnostika və müayinə üsulları 

Diaqnostika həkim-ginekoloqun konsultasiyasından başlayır. Müayinə sxemi özündə aşağıdakı mərhələləri birləşdirir: 

  • anamnez toplama (pasiyentin xəstəlik tarixi, şikayətləri barədə məlumatın yığılması); 
  • ginekoloji müayinə (əgər pasiyent bakirə deyilsə);
  • uşaqlıq yolundan yaxma; 
  • yaxmanın bakterioloji əkilməsi; 
  • yaxmanın mikroskopiyası;
  • yaxmanın sitologiyası;
  • cinsi yolla keçən infeksiyaların PZR (polimeraza zəncirvari reaksiya) diaqnostikası; 
  • ginekoloji orqanların transabdominal və ya transvaginal USM-i; 
  • türk yəhərinin (hipofiz vəzinin yerləşdiyi çuxurun) rentgenoloji müayinəsi. Çuxurun ölçü və divarlarında dəyişikliklərin aşkarlanması endokrin pozğunluq, hətta hipofiz adenomasından xəbər verir; 
  • baş beynin MRT-si (rentgen müayinənin nəticəsi patoloji və ya şübhəli olduqda aparılır);
  • qanda və sidikdə cinsi hormonların təyini;
  • endometriumun biopsiyası (ehtiyac yarandıqda).

Aybaşı qanının az olması – müalicəsi 

Müalicə sxemi müayinə və analiz nəticələrindən birbaşa asılıdır. Bu məqsədlə aşağıdakı qrup dərmanlar monoterapiya (tək istiqamətli müalicə) və ya kompleks (bir neçə qrup dərman preparatlarının təyini) şəkildə istifadə olunur:

  • hormonal preparatlar;
  • vitamin və mineral kompleksi;
  • iltihabəleyhinə dərmanlar;
  • törədicinin növündən asılı olaraq, antibiotiklər, virusəleyhinə preparatlar və s.

Profilaktik tədbirlər

Profilaktik məqsədilə açıq havada gəzmək, aktiv həyat tərzi sürmək, stressdən özünü qorumaq tövsiyə edilir. 

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.8/5 - (116 votes)