Aybaşı zamanı döş ağrıları

21 Sentyabr 2019 Kateqoriya: Aybaşı Müəllif:
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 20632
Aybaşı zamanı döş ağrıları şəkil
4.3/5 - (28 votes)

Menstruasiyadan 1 həftə əvvəl və aybaşının ilk günlərində qadınların fiziki-emosional fonunda dəyişikliklər yaranır. Zəiflik, əhvalın qəfil pisləşməsi, qarnın aşağı hissəsində dartılmalar hiss edilir. Lakin aybaşı əlamətləri bununla bitmir. Bir çox qadınlarda aybaşı zamanı döş ağrıları müşahidə olunur. Bu isə öz növbəsində diskomfort törədir.

Aybaşı zamanı döş ağrıları barədə geniş məlumat

Menstruasiya əsnasında süd vəzilərindəki hissiyyat müxtəlif ola bilər. Bir çox məqamlar orqanizmin fərdi xüsusiyyətlərindən asılıdır. Aybaşıönü dövrdə süd vəziləri ilə əlaqəli ən çox rast gəlinən əlamətlər aşağıdakılardır:

  • döşlərdə ağrı;
  • şişkinlik və böyümə;
  • döş gilələrinin yüksək həssaslığı;
  • süd vəzilərinin kobudlaşması və bərkləşməsi.

Sağlam qadınlarda bu əlamətlər yüngül formada təzahür edir. Döş ağrıları və qarnın aşağı hissəsində dartılmalar şiddətli olarsa, vaxt itirmədən ginekoloq müayinəsindən keçmək lazımdır.

Aybaşı zamanı döş ağrıları şəkil 1

Aybaşı zamanı döş ağrıları nədən yaranır?

Aybaşı dövründə hormonların səviyyəsinin artması ilə əlaqədar cinsiyyət orqanları, o cümlədən süd vəziləri dəyişikliyə uğrayır. Estrogenlərin təsirinin yüksək olduğu 1-ci fazada sağlam qadın heç bir narahatlıq hiss etmir.

Ancaq ovulyasiyadan sonra progesteron sintezi artdığından süd vəzilərinin ölçüsü bir qədər böyüyür. Bu proseslər orqanizmi laktasiya (südvermə) dövrünə hazırlayır. Progesteronun əlavə təsirlərindən biri də toxumalarda suyun ləngiməsidir. Nəticədə süd vəziləri böyüyür, bərkiyir, şişir və ağrılı olur.

 

Döş ağrılarının periodik xarakter daşıması və aybaşı tsiklinin 2-3-cü günlərində aradan qalxması onun fizioloji olmasından xəbər verir. Yəni belə hal patologiya sayılmır.

Aybaşı zamanı döş ağrıları təhlükəlidirmi?

Aybaşı dövründə döş ağrıları gündəlik həyat tərzinə (yuxu, hərəkət rejimi və s.) mane törətmirsə, narahatlığa əsas yoxdur. Adətən menstruasiyanın 2-3-cü günü ağrılar itir. Döş ağrıları 5-7 sutka ərzində davam edərsə, mütləq həkimə müraciət edilməlidir. Ağrı ilə yanaşı aşağıdakı əlamətlərin olması patoloji proseslərdən xəbər verir:

  • döş gilələrindən maye və ya ifrazatın axması;
  • ağrıların dözülməz olması;
  • süd vəzilərinin həddindən artıq bərkiməsi;
  • aybaşı tsiklinin pozulması;
  • qarında güclü spazmlar;
  • şiddətli baş ağrıları.

Əgər bu əlamətlərdən bir neçəsi müşahidə edilərsə, mütləq mammoloqun müayinəsinə yazılmaq lazımdır. Çünki  sadalanan simptomlar bir çox süd vəzi xəstəliklərinin: mastopatiya, fibroadenoma, mastit, hətta süd vəzi xərçənginin təzahürü ola bilər.

Aybaşı zamanı döş ağrıları şəkil 2

Aybaşı zamanı döş ağrıları ilə necə mübarizə aparmaq olar?

Döş ağrılarına qarşı bəzi sadə tövsiyələrə əməl etməklə vəziyyətinizi yüngülləşdirə bilərsiniz:

  • rahat alt paltarı seçin. Aybaşı zamanı süd vəzilərinin şişməsi ilə əlaqədar büstqalter dar gələ bilər. Bu halda idman stilində metal elementləri olmayan alt paltarı geyinməyiniz məsləhətdir. Büstqalter süd vəzilərini əzməməli, onlara təzyiq etməməlidir.
  • isti duş qəbul edin. Bərkimə olduqda bu prosedur köməyinizə gələ bilər. Əgər iltihabi xəstəlikləriniz yoxdursa, isti duş zərərsizdir. Sadəcə belə hallarda vanna qəbulu tövsiyə edilmir.
  • düzgün qidalanın. Toxumaların ödemini azaltmaq üçün gündəlik rasiondan acılı, duzlu, ədviyyatlı qidaları, həmçinin alkoqol, kofe, tünd çayı uzaqlaşdırın.
  • havaya uyğun geyinin. Aybaşı zamanı bir qədər isti geyinmək, soyuqdan qorunmaq lazımdır.
Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.3/5 - (28 votes)