Hamiləlik testi nə vaxt edilməlidir?
Əgər menstruasiya müntəzəmdirsə, gecikmə baş vermədən test etmək mənasızdır. Gecikmə varsa bir neçə həftə və ya ay gözləmək də lazım deyil. Çünki hamiləliyin erkən həftələrində ehtiyac yarandıqda həkim-ginekoloq baş verə biləcək təhlükələrin qarşısını öncədən ala, dölü və ananı qorumaq üçün lazımi tədbirlər görə bilər.
Aybaşı tsiklları qeyri-müntəzəmdir – hamiləlik testi nə vaxt edilməlidir?
Əgər menstrual tsikl qeyri-stabildirsə, il ərzində təxmini olaraq ən uzun tsikl qədər gözləmək tövsiyə edilir. Məsələn, 1 il müddətində ən uzun tsikl 34 gün olubsa, sonuncu aybaşının 1-ci günündən 34 gün sonra hamiləlik testi etmək olar.
Ovulyasiya tarixi məlumdursa hamiləlik testi nə zaman aparılmalıdır?
Əgər ovulyasiyanın baş verdiyi gün dəqiq məlumdursa, həmin tarixdən 2 həftə sonra test edilməlidir.
Hamiləlik testi nə zaman yoxlanılmalıdır – xorionik qonadotropin
Xorionik qonadotropin (XQ) hamiləlikdən xəbər verən hormondur. XQ səviyyəsi qanda sidiyə nisbətən tez yüksəlir. Buna görə də hamiləlik testi ilə müqayisədə laborator analiz daha erkən müddətdə nəticə göstərir.
Hamiləlik testi günün hansı saatlarında edilməlidir?
Səhər saatlarında götürülən sidik hamiləliyin təsdiqlənməsi üçün ən optimal variantdır. Hormonların konsentrasiyası səhər oyanan kimi xaric edilən sidikdə daha çox olur. Əgər qadında aşağıdakı əlamətlər varsa, günün istənilən saatında test edə bilər:
- süd vəziləri və döş giləsində ağrı;
- qarnın aşağı hissəsində spazmşəkilli və ya dartılan ağrılar;
- ürəkbulanma, zəiflik, başgicəllənmə;
- iştahın qəflətən artması;
Bu simptomlar hormonal fonda aktiv dəyişikliklərin olduğunu göstərir. Belə vəziyyətlərdə test hər bir halda düzgün nəticə verəcəkdir.
Cinsi əlaqədən neçə gün sonra hamiləlik testi edilməlidir?
Mayalanma cinsi əlaqədən 12 saat sonra baş verir. Ancaq bu anın test vasitəsilə təyini mümkün deyil. Həmçinin embrionun uşaqlığa keçərək, onun divarına yapışması üçün minimum 1 həftə lazım gəlir. Embrion uşaqlığa birləşən kimi xorionik qonadortropin sintez olunmağa başlanır. Və yalnız bu zaman hamiləlik testi pozitiv göstərə bilər.
Beləliklə, XQ orqanizmdə mayalanmadan 7-10 gün sonra aktiv şəkildə sintez edilir. Hər 2-3 gündən bir onun qandakı miqdarı 2 dəfə yüksəlir. I trimestrin ortaları və sonunda XQ-nin titri maksimal səviyyəyə çatır. Test cinsi əlaqədən 1 həftə sonra edilə bilər.
Aybaşı gecikməsi varsa hamiləlik testi nə vaxt edilməlidir?
Əgər tsikl stabildirsə, gecikmənin 1-3-cü günü, aybaşı müntəzəm baş vermədikdə isə 1 həftə sonra hamiləlik analizi və ya test edilə bilər. Gecikmənin 7-ci günündə qadın testdən düzgün istifadə edərsə dəqiq nəticə ala bilər.
Yuxarıda sadalanan tövsiyələrə əsasən hamiləlik testi etdikdən və 2 xətt, yəni pozitiv nəticə əldə etdikdən sonra növbəti addım qanda Xorionik Qonadotropin analizi və ginekoloqa müraciət olmalıdır.