Hamiləlikdə ağrılar

18 Sentyabr 2019 Kateqoriya: Hamiləlik Müəllif:
Oxuma vaxtı: 7 dəq Oxunma sayı: 7725
Hamiləlikdə ağrılar şəkil
4.2/5 - (5 votes)

Hamiləlik dövrü nə qədər ideal keçsə də, bəzən xoşagəlməz hissiyat və ağrılar qaçılmaz olur. Xoşbəxtlikdən bu əlamətlərin əksəriyyəti müvəqqəti xarakter daşıyır. Hamiləlikdə yaranan narahatlıqlar adətən aşağıdakı hallarla bağlı olur:                       

  • Bel–oma nahiyəsində ağrılar; 
  • Qarında spazmlar;
  • Dişlərdə həssaslığın artması və ağrı;
  • Baş ağrısı;
  • Hamiləlikdə mədə yanması və həzm pozğunluqları
  • Baldırda qıcolmalar; 
  • Qarnın aşağı hissəsində dartılmalar;
  • Süd vəzilərində ağrılar və şişkinlik;
  • Damarların varikoz genişlənməsi və babasil.  

 

Hamiləlikdə ağrılar – əzələ sistemi (bel-oma nahiyəsi) 

Döl böyüdükcə ağırlaşır, çəkisi artır, bel əzələlərində gərginlik müşahidə edilir. Həmçinin kütlə mərkəzi önə doğru yerini dəyişdiyindən, əzələ-sümük sistemi onu əvvəlki vəziyyətinə qaytarmaq üçün yüngülcə arxaya əyilir. Nəticədə əzələlər yığılır və ağrı meydana çıxır. Hamiləlikdə qarın əzələləri dartılaraq, tonusdan düşür. Bel əzələləri isə kompensator olaraq daha gərgin fəaliyyət göstərir. Beldə yaranan ağrılar ilə mübarizə aparmağın bir neçə yolu vardır:

  • Alçaqdaban və ya ortopedik ayaqqabı geyinmək; 
  • Qaməti düzgün saxlamaq;
  • Keyfiyyətli sərt döşək üzərində yatmaq;
  • Oturaq vəziyyətdə önə əyilməmək; 
  • Xüsusi hamiləlik yastığından istifadə etmək;
  • Hamiləlik bandajı taxmaq. 

İdmanla müntəzəm məşğul olmaq və əzələləri gücləndirmək də ağrını azaltmağa kömək edir. 

Hamiləlikdə ağrılar şəkil 1

Hamiləlikdə ağrılar – qarında spazmlar  

Hamiləlik zamanı xüsusi ilə də axırıncı trimestrdə spazm şəklində ağrılar tez-tez müşahidə olunur. Bu spazmlar orqanizmin doğuş öncəsi hazırlığı olub, tibbdə Brekston-hiks spazmları adlanır. Belə spazmlar bədən vəziyyətini dəyişdirdikdə və dərindən nəfəs aldıqda sakitləşir. Ağrı intensivliyinin artması doğuşun başlanmasından xəbər verə bilər. 

Bəzi hallarda hamiləlikdə ağrılar döl yumurtasının uşaqlığa implantasiyasından (yapışmasından) sonra çanaq əzələlərinin gərilməsi, uşaqlığın tədricən genişlənməsi nəticəsində müşahidə edilə bilər.   

Hamiləlikdə ağrılar – ağız boşluğu 

II trimestrdə diş və diş ətinin həssaslığı artır. Bu ən çox dişləri fırçaladıqda və sapla təmizlədikdə hiss olunur. Bəzən yüngül qanaxmalar yarana bilər. Hamiləlik dövründə bəzi qadınlarda gingivit (diş ətinin iltihabı) aşkarlana bilər. Onun əlamətlərinə diş ətində şişkinlik, qızartı, qanama, iltihab aiddir.

Bundan başqa hamiləlikdə paradontoz – damaq və çənə sümüklərinin zədələnməsi ilə müşayiət olunan iltihabi xəstəlik də inkişaf edir. Bir sıra hallarda toksikozla əlaqədar dişlərdə ağrılar, karies formalaşır. Damaqların iltihabına baxmayaraq, dişləri gündə 2 dəfə fırçalamaq, diş sapından istifadə etməmək tövsiyə edilir.  

Hamiləlikdə ağrılar şəkil 2

Hamiləlikdə baş ağrıları   

Qadın cinsi hormonları – estrogen və progesteronun qəfil yüksəlməsi beyində bəzi kimyəvi prosesləri işə salır. Bu səbəbdən baş ağrıları yarana bilər. Hamiləlikdə əksər ağrıkəsicilərin qəbulu qadağan olduğuna görə həkimlə məsləhətləşmədən analgetik və ya spazmolitik içmək məsləhət görülmür. Dərman əvəzinə aşağıdakı alternativ üsullardan istifadə etmək olar:

  • Alın nahiyəsinə soyuq kompress qoymaq; 
  • Relaksasiya texnikasına yiyələnmək (yoqa, meditasiya); 
  • Baş ağrısını provakasiya edən ərzaq və qoxulardan uzaq durmaq;  
  • Yuxu rejiminə diqqət yetirmək;
  • Yüngül fiziki məşqlər etmək; 
  • Həyəcanlanmamaq; 
  • Sağlam qidalanma rasionu tərtib etmək.

Hamiləlikdə həzm sistemində ağrılar 

I və III trimestrdə mədəni qida borusundan ayıran sfinkterin əzələləri hormonların təsirindən boşalır. Mədə şirəsi qida borusuna qayıtdığından yanma və ağrı hiss edilir. Bunun qarşısını almaq üçün yeməkdən sonra 3 saat ərzində uzanmamaq, qızardılmış və acılı yeməklərdən imtina etmək tövsiyə olunur.

Hamiləlikdə ağrılar şəkil 4

Hamiləlikdə ayaqlarda ağrılar  

Baldır qıcolmaları II və III trimestrin ən çox təsadüf olunan xoşagəlməz əlamətlərindən biridir. Pəncə və baldır əzələlərinin qıcolması qadınları ən çox gecələr narahat edir. Bu ağrılar ilə mübarizə aparmaq üçün bədən vəziyyətini tez-tez dəyişdirmək, aktiv həyat keçirtmək, kifayət qədər su içmək, qanda elektrolit (mineral) balansına nəzarət etmək gərəkdir. Yəni hamiləlik boyu mineral-vitamin kompleksi qəbul etmək, ehtiyac yarandıqda isə qan analizi vermək lazımdır. 

Hamiləlikdə ağrılar – qarın bağları 

Hamiləlikdə uşaqlıq böyüdüyündən onu fiksasiya edən bağlar gərilir. Onlara tibbdə həlqəvi bağlar deyilir. Bağların dartılması qarnın aşağı hissəsində qısamüddətli kəskin ağrılar törədir. Bəzən bu ağrılar bütün qarın boyu yayılır. Lakin heç bir narahatlığa əsas yoxdur, döl böyüdükcə belə simptomların olması normaldır.

Hamiləlikdə ağrılar şəkil 5

Hamiləlikdə ağrılar – sinir sistemi  

Hamiləlik irəlilədikcə qadının çəkisi artır, orqanizmdə su ləngiyir, sinir yolları uzanır. Sinir uclarına təzyiq göstərilir. Nəticədə əzələ, sümük, qığırdaq və bağların təzyiq etdiyi sinirlərin sıxılması müşahidə edilir. Sinir sıxılması bədənin müxtəlif nahiyələrində yarana bilər. Məsələn, proses biləkdə baş verdikdə əlin ovuc hissəsi və barmaqlar keyiyir. Bel səviyyəsində sinir sıxılması isə fəqərəarası yırtıq kimi kəskin ağrılar verir. 

Hamiləlikdə ağrılar – venoz damarlar 

Hamiləlikdə topuq və pəncədə ödem, ağrı, şişkinlik ilə müşayiət olunan aşağı ətraf damarlarının varikoz genişlənməsi ən geniş yayılmış problemlərdəndir. Bundan başqa yalnız ətrafların deyil, düz bağırsağın da venaları genişlənərək, babasil əmələ gətirir. 

Hamiləlikdə ağrılar – süd vəziləri   

I trimestrdə hormonal dəyişikliklər süd vəzilərində şişkinlik və ağrılar əmələ gətirir. Zamanla bu əlamətlər azalaraq, aradan qalxır. 

Yuxarıda sadalananlardan əlavə hamiləlik zamanı anormal spazmlar və kəskin, deşici ağrı müşahidə edilə bilər. Belə hallarda vaxt itirmədən ginekoloqla əlaqə saxlamaq lazımdır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.2/5 - (5 votes)