Aybaşı ağrıları zamanı nə etməli?

Aybaşı zamanı ağrı yarandıqda əksər qadınlar dərhal ağrıkəsici dərman qəbul edirlər. Halbuki bu ağrıları azaltmağın digər alternativ yolları da mövcuddur.
Aybaşı ağrıları niyə baş verir?
Aybaşı ağrıları zamanı nə etməli olduğunuzu bilmək üçün ilk öncə onun necə və hansı səbəbdən meydana çıxmasını aydınlaşdırmaq lazımdır. Aybaşı ağrıları uşaqlığın yığılması nəticəsində əmələ gəlir. Buna səbəb isə orqanizmdə sintez olunan hormonabənzər maddələr – prostaqlandinlərdir.
Menstruasiya zamanı uşaqlıq yığılaraq, daxili qatın – endometriumun qalınlaşmış hissəsini orqanizmdən kənarlaşdırır. Bir sıra hallarda aybaşı ağrıları güclü olmur, sadəcə diskomfort törədir.
Prostaqlandinlər yalnız uşaqlığa deyil, həzm sisteminə də təsir göstərir. Aybaşı dövründə bağırsaqların peristaltikası güclənir, ishal və ürəkulanma müşahidə edilir.
Aybaşı ağrıları zamanı hansı üsullara əməl etməli?
Spazmolitik və analgetiklərə qarşı allergiya olduqda, qadınlar bu dərman vasitələrini qəbul edə bilmir. Aybaşı ağrıları zamanı içilən qeyri-steroid iltihab əleyhinə dərmanlar (diklofenak və s.) isə mədə xorası, eləcə də hiperplastik qastriti olan xəstələrə əks-göstərişdir.
Bu preparatların davamlı istifadəsi yaranı dərinləşdirməklə, mədə qanaxmasına gətirib çıxara bilər. Belə vəziyyətlərdə alternativ üsullar köməyə gəlir. Onlardan bir neçəsinə nəzər salaq:
Yoqa və meditasiya
Aybaşı ağrıları qarında gərginliklə təzahür edir. Gərginliyi azaltmağın effektiv üsullarından biri əzələlərin relaksasina (boşalmasına) nail olmaqdır. Yoqa və meditasiya kursuna yazılmaq və ya bu hərəkətləri evdə təkrarlamaq olar. Yoqa fiziki olaraq rahatlanmağa və emosional vəziyyəti normallaşdırmağa kömək edir.
Sakitlik və istirahət
Aybaşı milyonlarla qadının stress səbəbidir. Bu dövrdə daha çox dincəlmək və istirahət etmək lazımdır. Yuxu rejiminə diqqət yetirmək də çox önəmlidir. Çünki sağlam yuxu həyat tsiklini qaydaya salır.
Düzgün qidalanma və vitaminlər
Menstruasiya spazmlarından xilas olmaq üçün xüsusi pəhriz mövcud deyil. Lakin vurğulamaq lazımdır ki, sağlam qidalanma maddələr mübadiləsini dəstəkləyir və orqanizmi hər zaman balansda saxlayır. Odur ki, qızardılmış və hisə verilmiş qidalardan imtina edin, maye qəbulunu çoxaldın. Normadan artıq, xüsusən də gecə saatlarında yeməyin.
Rasionunuza pendir, kəsmik, kərəviz, qaysı və brokkoli əlavə edin. Bu məhsulların tərkibində uşaqlıq əzələlərini boşaltmağa və ağrıları azaltmağa kömək edən kalsium mövcuddur. Əlavə olaraq, vitamin və qida əlavələrindən istifadə edin.
Aybaşı ağrıları zamanı nə etməli – isti kompresslər
2-3 dəqiqə isti vanna qəbulu əzələ spazmını azaldır. Bu zaman mütləq tampondan istifadə edin, əks təqdirdə infeksiyalaşma riski yarana bilər. Bakirə qızlar vannaya duz və köpük əlavə etməklə, infeksiyalaşma ehtimalını minimuma endirə bilərlər.
Əgər vanna qəbulu mümkün deyilsə, istiqacı (qrelka) 15 dəqiqə müddətinə qarın nahiyənizə qoyun. O, qanaxmanın və ağrının azalmasına kömək edəcək. Bundan əlavə özünüzü soyuğa verməyin, isti geyinin və corabla gəzməyi unutmayın.
Əgər Sizdə aybaşı qanaxması varsa, istiqac və vannadan imtina edin.
Aybaşı ağrıları zamanı nə etməli – optimal gigiyena vasitələri
Menstruasiya ağrıları sadə gigiyena qaydalarına əməl olunduqda azala bilər. Bunun üçün bədəninizi hər zaman təmiz saxlayın, bez və tamponları tez-tez dəyişdirin.
Aybaşı ağrıları zamanı nə etməli – həkimə hansı halda getmək tələb olunur?
Menstrual spazmları hər zaman özbaşına dayandıqmaq və ya azaltmaq mümkün olmur. Aşağıdakı əlamətlər müşahidə olunduqda, vaxt itirmədən ginekoloqa müraciət edin:
- Güclü qanaxma, titrətmə və hərarətin yaranması;
- Aybaşı arası intervalın 3 həftədən az olması;
- Aybaşının 1 həftədən çox davam etməsi;
- Başgicəllənmə və bayılmanın baş verməsi.
Həkim qəbulunu təxirə salmaq olmaz. Çünki aybaşı ağrıları ilə bağlı hər bir narahatlığı zamanında aradan qaldırmaq daha asan olur.