Menstruasiya ağrıları
Hər 3 qadından 2-də menstruasiya ağrı, ürəkbulanma, başgicəllənmə ilə müşayiət olunur. Aybaşı ağrıları və digər əlamətlər əksərən normal hal qəbul edilsə də, əslində tibbdə bu bir xəstəlik kimi təsnif olunmuşdur. Alqomenoreya (alqodismenoreya, dismenoreya) ağrılı aybaşı deməkdir. Bu hal qadın orqanizminin fərdi xüsusiyyətlərindən əlavə, ciddi xəstəlikdən xəbər verə bilər.
Menstruasiya ağrıları üzrə statistika
Menstruasiya zamanı ağrılar 14-45 yaşlı qadınların 60-70%-də qeydə alınır. Onların 84%-də ağrı sindromu qusma, 79%-də diareya (ishal), 23%-də ürəkbulanma, 13%-də baş ağrıları, 16%-də isə bayılma ilə müşayiət olunur.
Menstruasiya ağrıları nə zaman başlayır?
Ağrılar aybaşıdan 1-2 gün öncə meydana çıxır və aybaşının 3-cü günündə aradan qalxır. Bu dövrdə bəzi qadınlar hətta əmək qabiliyyətini də itirir. Menstruasiya ağrıları fiziki, emosional və psixi vəziyyətə mənfi təsir göstərir.
Menstruasiya ağrıları qarnın aşağı hissəsində, bel-oma nahiyyəsində yaranaraq, sancı şəkilli, göynədici və ya kəsici xarakterli olur.
Aybaşı ağrılarının tipləri
Alqomenoreya zamanı digər xəstəliklərdəki kimi müalicə tələb olunur. Lakin müalicədən əvvəl mütləq ağrının tipini müəyyənləşdirmək lazımdır. Menstruasiya ağrılarının 2 tipi mövcuddur: birincili və ikincili.
Birincili menstruasiya ağrıları
Qadının anatomik xüsusiyyətləri və ya sinir sistemi xəstəlikləri ilə əlaqədar baş verir. Cinsi orqanların anatomik xüsusiyyətlərinə, yəni anomaliyalarına – uşaqlığın tam inkişaf etməməsi, onun qeyri-düzgün vəziyyəti, antefleksio və ya retrofleksio (uşaqlıq cisminin önə və ya arxaya əyilməsi) aiddir. Bu amillər menstrual qanın uşaqlıqdan axınını çətinləşdirərək, onun yığılmalarını artırır.
Əgər menstruasiya ağrıları müntəzəm deyil, periodik xarakter daşıyırsa, ağrıya dözümlülüyün azalması faktoruna diqqət yetirilməlidir. Ağrıya qarşı həssaslığın artmasına psixoloji travmalar, fiziki məşqlər, yorğunluq, depressiya halları səbəb olur. Qadınların 40-50%-də ağrıya dözümsüzlük irsən keçir.
İkincili menstruasiya ağrıları
Sidik-cinsiyyət orqanlarının iltihabi prosesləri və digər xəstəlikləri nəticəsində yaranır. Bu patologiyalara endometrioz, şiş xəstəlikləri, yumurtalığın kistası, fibroma və s. aiddir.
Nəzərinizə çatdıraq ki, endometriozun ən xarakter əlamətlərindən biri menstruasiya ağrıları hesab edilir. Belə qadınlarda uşaqlığın daxili qatı – endometriumun hüceyrələri onlara aid olmayan yerlərə (yumurtalıq, uşaqlıq boynu, bağırsaqlar və s.) yayılır.
Burada onlar öz funksiyalarnı əvvəlki rejimdə davam etdirirlər. Menstruasiya zamanı həmin hüceyrələr şişir, qanayır. Nəticədə kəskin ağrılar əmələ gəlir. Endometriozun digər xarakter simptomu aybaşıdan əvvəl və sonra tünd rəngli axıntıdır.
Ağrının səbəbi necə təyin olunur?
Menstruasiya ağrılarının səbəbini üzə çıxarmaq üçün bir sıra müayinələr lazımdır:
- Uşaqlıq yolundan yaxma;
- Cinsi yolla keçən infeksiyaların təyini üçün analiz;
- Qanın biokimyəvi analizi;
- Yaxmanın bakteroloji əkilməsi;
- Hormonal fonun yoxlanılması.
Ginekoloji müayinədə həkim uşaqlıq və onun artımlarının (yumurtalıq, uşaqlıq boruları) yerləşməsini, formasını, anatomik xüsusiyyətlərini yoxlayır. Lazım gəldikdə pasiyent çanaq orqanlarının Ultrasəs müayinəsinə yönləndirilir.
Alqomenoreyanın səbəbini təyin etdikdən sonra müalicəyə başlanılır. Səbəb hər hansı iltihabi xəstəliklə bağlıdırsa, əlbəttə ki, ilk növbədə onu aradan qaldırmaq lazım gəlir.
Heç bir xəstəlik aşkarlanmadıqda menstruasiya ağrıları sindromundan qurtulmaq üçün düzgün seçilmiş pəhriz, yuxu rejiminə nəzarət, siqaret və alkoqol istifadəsindən imtina etmək məsləhət görülür.
Ağrı sindromunu azaltmaq məqsədilə ağrıkəsicilər – parasetamol, noşpa, analgin, sedalgin, papaverin, baralgin, spazqan, ketorol kimi preparatlardan istifadə etmək olar.
Son olaraq qeyd edək ki, menstruasiya zamanı ağrı sindromu ilə yanaşı, başgicəllənmə, gür axıntı, bayılma müşahidə olunduqda ləngimədən xəstəxanaya getməyiniz tövsiyə edilir.