Hamiləlik planlama 

18 Sentyabr 2019 Kateqoriya: Hamiləlik Müəllif:
Oxuma vaxtı: 6 dəq Oxunma sayı: 2606
Hamiləlik planlama şəkil
5/5 - (1 vote)

Hamiləlik planlama övlad dünyaya gətirmək istəyən insanın həyatında önəmli addımlardan biridir. O, bir neçə qaydadan ibarətdir. 

 

Hamiləlik planlama – qayda №1 – məlumat toplamaq

Hamiləlik haqqında informasiya çox önəmlidir. İlk olaraq ondan başlamaq lazımdır. Hamiləlik necə baş verir, döl hansı inkişaf mərhələlərindən keçir, doğuş nə zaman başlayır? Bu kimi məqamları araşdırmaq və öyrənmək lazımdır. Öncədən maarifləndikdə sonradan orqanizmin hamiləliyə uyğunlaşması asan olur. 

Hamiləlik planlama – qayda №2 – terapevtin qəbuluna getmək

Əgər qadın xroniki xəstəlikdən əziyyət çəkirsə, terapevt ilə məsləhətləşməli, ana olmaq istəyi barədə həkimə məlumat verməlidir. Ola bilər ki, həkim qadının qəbul etdiyi bəzi dərmanları dəyişdirsin və ya yenilərini əlavə etsin. Əgər heç bir xəstəlik yoxdursa, ən azından profilaktik müayinədən keçmək, qanda şəkərin səviyyəsini təyin etmək lazımdır. 

Hamiləlik planlama şəkil 1

Hamiləlik planlama – qayda №3 – stomatoloqun müayinəsinə yazılmaq 

Ana olmağa hazırlaşan qadın öncədən stomatoloq baxışından keçməlidir. Karies və ya digər diş xəstəlikləri aşkar olunduqda müalicə aparılmalıdır. Çünki hamiləlik zamanı əksər hallarda dişin mina qatı zəiflədiyindən asanlıqla karies, diş qırılması və digər hallar yaranır. Belə vəziyyətdə stomatoloq tərəfindən istifadə edilən ağrıkəsicilər dölün inkişafına mənfi təsir göstərə bilər. 

Hamiləlik planlama – qayda №4 – qadın ginekoloqa, onun həyat yoldaşı isə uroloq-androloqa getməlidir.

Ginekoloq və uroloq-androloq cütlüyü müayinə edərək, onların sağlamlıq vəziyyətini qiymətləndirir. Qadın və kişidən yaxma götürülərək, analizlər aparılır. Eyni zamanda partnyorların hər ikisində cinsi yolla keçən infeksiyalar yoxlanılmalıdır. 

Hamiləlik planlama – qayda №5 – həkim-genetik məsləhəti

Nəsildə genetik (irsi) xəstəliklər varsa, cütlük həkim-genetikə müraciət etməlidir. Həkim dünyaya gələcək uşaqda irsi xəstəliklərin yaranma ehtimalı barədə ailəyə proqnostik məlumat çatdırır. 

Hamiləlik planlama – qayda №6 – laborator analizlər

Cinsi yolla ötürülən infeksiyalarla yanaşı digər müayinələrin də aparılması vacibdir. Bunlara HİV, Hepatit B, sifilis, herpes, qanda dəmir, insulin səviyyəsi, cinsi hormonlar, toksoplazma, məxmərək antitelləri və s. misal göstərmək olar. 

Hamiləlik planlama şəkil 2

Məxmərək və toksoplazmoz haqqında bir qədər ətraflı 

  • Məxmərək — virus mənşəli təhlükəli xəstəlikdir. Bu infeksiya ana bətnində dölün ölümü ilə nəticələnə bilər. O üzdən məxmərəyə qarşı peyvənd olunmalıdır. Peyvənddən sonra isə hamiləlik 3 ay müddətində təxirə salınmalıdır. Əgər qadın uşaqlıqda məxmərək keçiribsə və ya peyvənd olunubsa, onda xəstəliyə qarşı immunitet formalaşdığından təkrar vaksinasiyaya (peyvəndə) ehtiyac yaranmır. 
  • Toksoplazmoz — pişiklərdən keçən infeksion xəstəlikdir. Hamiləlik dövründə yoluxduqda döl üçün təhlükəli vəziyyət yaranır. Təəssüf ki, toksoplazmoz əleyhinə peyvənd mövcud deyil. Buna görə də əgər xəstəliyə qarşı immunitet yoxdursa, hamiləlik zamanı küçə pişiklərindən və onların ifrazatlarından uzaq durmaq lazımdır. 

Hamiləlik planlama – qayda №7 – fol turşusu qəbul etmək

Fol turşusu (B9 vitamini) – dölün sinir sisteminin normal formalaşması və inkişafı üçün lazımlı vitamindir. Bununla əlaqədar hamiləlikdən 3 ay əvvəl B9 qəbul etmək lazımdır ki, orqanizmdə onun defisiti yaranmasın.

Qayda №8 – siqaretdən imtina etmək

Siqaret çəkən hamilələrdə dölün həyatı üçün ciddi problemlər baş verir. Belə qadınlarda düşüklər, dölün inkişafdan qalması, ölü doğuş və yenidoğulmuşun ani ölümünə sıx rast gəlinir. 

Hamiləlik planlama – qayda №9 – spirtli içkilərdən uzaq durmaq

Hamilə qadın spirtli içki qəbul etdikdə alkoqol ciftdən keçərək, döl orqanizminə daxil olur. Uşağın hələ tam inkişaf etməmiş qaraciyəri spirti zərərsizləşdirə bilmədiyindən neqativ hallar meydana çıxır. Həmçinin alkoqol istifadəsi düşük ehtimalını, eləcə də döldə anomaliyaların yaranma riskini artırır. 

Qayda №10 – arıqlamaq

Bədən kütləsi indeksi 25-dən yüksək olduqda, bu artıq çəki hesab edilir. Həmin göstərici 30-dan çoxdursa, belə vəziyyət piylənmə kimi qiymətləndirilir. Hamiləlik zamanı bədən çəkisi təbii olaraq artır. Piylənmədən əziyyət çəkən qadınlarda şəkər, yüksək təzyiq, tromblaşma daha çox qeydə alınır. Belə halların qarşısını almaq üçün hamiləlikdən əvvəl arıqlamaq məsləhət görülür.  

Hamiləlik planlama şəkil 3

Hamiləlik planlama – qayda №11 – idman

Fiziki aktivlik, idman təkca planlama dövründə deyil, hamiləliyin II və III trimestrində (3 aylıqda) də çox önəmlidir. Ancaq hər idman növü ana və uşaq üçün faydalı deyil. Buna görə də hansı variantın uyğun olmasını öncədən mütəxəssislə dəqiqləşdirmək vacibdir. Bu üzgüçülük, hamiləlik yoqası, piyada gəzintiləri ola bilər. 

Qayda №12 – büdcə tənzimi

Hamiləlik nə qədər sevindirici hal olsa da bu müddətdə ailənin xərcləri xeyli artır. Ona görə planlama zamanı bəzi maddi məsələləri həll etmək lazımdır. Alış-veriş siyahısının tutulması, qiymətlərin dəqiqləşdirilməsi tövsiyə olunur. 

Yuxarıda qeyd edilən planlama qaydalarını siyahı şəklində yazıb, yerinə yetirməklə bundan faydalana bilərsiniz. Planlama hamiləlikdən ən azı 3-4 ay öncə aparılmalıdır. Bu qaydaları düzgün tətbiq etməklə, hamiləliyin sağlam, problemsiz keçməsinə şərait yaratmaq mümkündür.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
5/5 - (1 vote)