Hamiləlikdə 9-cu həftə

20 Sentyabr 2019 Kateqoriya: Hamiləlik Müəllif:
Oxuma vaxtı: 6 dəq Oxunma sayı: 5243
Hamiləlikdə 9-cu həftə şəkil 3
5/5 - (1 vote)

Mayalanmış yumurtahüceyrə hamiləliyin 8-ci həftəsinə qədər embrion adlanır. 9-cu həftədən etibarən fetal (döl) dövr başlanır. 

Hamiləlikdə 9-cu həftə: nə baş verir?

Dölün inkişafı

9-cu həftə dölün aktiv şəkildə böyüməsi ilə xarakterizə olunur. Çəkisi 2 qram olan dölün 9-cu həftə sonu bədən kütləsi 2 dəfə artaraq, zeytun böyüklüyünə çatır. Boyu isə 15-30 sm arasında dəyişir. Bu mərhələdə natamam formalaşmağına baxmayaraq, dölün bütün bədən hissələri mövcud olur. Döl orqanizmində cinsi orqanlar, gözlər, göz qapaqları, ürək əmələ gəlir.    

Hamiləlikdə 9-cu həftə: sinir sistemi 

Hamiləlikdə 9-cu həftə baş beynin sürətli inkişafı ilə müşayiət olunur. Beyində ilk qırışlar meydana çıxır. Hərəkət koordinasiyasını idarə edən beyincik aydın seçilir. Döldə ilk reflekslər (udma və əmmə) yaranır. Qol hissə daha da uzanır, barmaqlar seçilməyə başlayır. Cift demək olar ki, tam şəkildə fəaliyyət göstərir, qida maddələri və oksigeni qanla dölə ötürür.  

Hamiləlikdə 9-cu həftə şəkil

Hamiləlikdə 9-cu həftə: əzələ sistemi 

9-cu həftə sonunda döldə əzələ sistemi inkişaf etməyə başlayır. Baş hissə döş qəfəsinə sıxılmış olsa da, onurğa sütunu tədricən düzlənir. Bu mərhələdə dölün quyruqcuğu artıq yox olur, əl barmaqları arasında olan pərdələr itməyə başlayır. Ayaq barmaqları arasındakı pərdələr isə hələ ki, saxlanılır. 9-10-cu həfətədə ilk süd dişlərinin mayası qoyulur və dodaqlar formalaşır.

Hamiləlikdə 9-cu həftə: qadında gedən dəyişikliklər 

Hamiləlikdə 9-cu həftə qadın orqanizmində bir sıra dəyişikliklərlə xarakterizə olunur:

  • kəskin qoxulara qarşı həssaslığın artması, ürəkbulanma;
  • süd vəzilərinin böyüməsi;
  • axşam saatlarında qarında şişkinlik;
  • əhvalın tez-tez dəyişilməsi; 
  • qıcıqlanma, ağlağanlıq, əsəbilik. 

Hamiləlkdə 9-cu həftə başa çatdıqda qadınlarda süd vəziləri adətən 1 ölçü böyüyür. Bu da dəridə dartılmalara – çatlara gətirib çıxarır.

Hamiləlikdə 9-cu həftə şəkil 2

Həmin müddətdə qarın önə çıxmasa da çəki artmağa başlayır. Bununla yanaşı bağırsağın aktiv fəaliyyəti nəticəsində axşamlar qarında şişkinlik yaranır. Hamiləlikdə 9-cu həftə zamanı qadınların xarici görünüşündə gedən dəyişikliklər fərqli olur. Bəzi hamilələrdə saçlar parlaqlaşır, dırnaqlar möhkəmlənir, dəri təravətlənir. Digərlərində isə əksinə, saçların baxımsız, sönük olması, tökülməsi, dırnaqların qırılması, dəridə sızanaqların yaranması müşahidə edilir. 

Əhvalın tez-tez dəyişməsi hormonal sistemin yenidən qurulmasının nəticəsidir. 

Hamiləlikdə 9-cu həftə: nəyi bilmək lazımdır? 

Bü dövrdə planlı analizlərin aparılması tələb olunmur. Hamiləlik gedişatında problem yarandıqda, həkimin təyinatı ilə müəyyən analizləri vermək olar. 

Hamiləlik zamanı qarında ağrılar və vaginal axıntı. Hamiləlikdə yüngül ağrılar və qaşıntı ilə müşayiət edilməyən az miqdarda vaginal axıntıların olması normal hal sayılır. Qarında get-gedə güclənən spazm şəkilli ağrılar yarandıqda ginekoloqa müraciət etmək lazımdır. Analoji hal hamiləlik zamanı qəhvəyi axıntı üçün də xarakterikdir.

Psixoloji problemlər. Hamiləlikdə təşviş, narahatlıq, həyəcan yarandıqda bitki tərkibli sakitləşdiricilər təyin oluna bilər.   

Qəbizlik və tezləşmiş sidik ifrazı. Qanda progesteron hormonunun artması nəticəsində sidik ifrazı tezləşir. Qəbizliyə yol verməmək üçün hamiləlikdə qidalanma rasionu balanslaşdırılmalı, vitamin, mineral və liflərlə zənginləşdirilməlidir. 

Qidalanma rasionu. 9-cu həftənin sonunda döl bütünlüklə plasentar (cift) qidalanmaya keçir. Bu o deməkdir ki, ana nə ilə qidalanırsa, uşaq da onu qəbul edir. Bu baxımdan qida seçimi düzgün və sağlam olmalıdır. 

Hamiləlikdə 9-cu həftə şəkil

Bədən hərarətinin yüksəlməsi. Temperaturun cüzi artması hamiləlikdə normal hal hesab olunur. Əgər hərarətlə yanaşı öskürək, boğazda ağrı, irinli bəlğəm, baş ağrıları da olarsa, bu virus infeksiyasından xəbər verə bilər. Belə vəziyyətlərdə həkimlə əlaqə saxlamaq tövsiyə edilir. 

Fiziki aktivlik. Aktiv həyat tərzi hamiləlik dövrünü sağlam və gümrah keçirtməyə kömək edir. Hamiləlik yoqası, üzgüçülük, hamilələr üçün xüsusi gimnastika müsbət nəticələr verir. Piyada gəzintiləri də çox faydalıdır. 

Hamiləlik çatları. Bu periodda süd vəziləri intensiv böyüməyə başlayır və dəridə dartılmalar, qaşınmalar müşahidə edilir. Dəriyə təbii yağlar və qidalandırıcı kremlər çəkdikdə bu dartılmaları bir qədər azaltmaq mümkündür. 

Hamiləlikdə 9-cu həftə: tövsiyələr

  • Ağır yük qaldırmaqdan imtina edin; 
  • Toksin və zəhərli maddələrlə təması məhdudlaşdırın. Saç boyaları, siqaret tüstüsü, alkoqol və digər kimyəvi maddələr erkən hamiləlikdə dölə ziyan vura bilər; 
  • Hamiləlik haqqında faydalı məlumatlar əldə edin. Bu mövzuda məqalələr, kitab və videolar maarifləndirici xarakter daşıyaraq, əsassız qorxunu azaltmağa, qadınları maraqlandıran suallara cavab tapmağa kömək edir.
  • Həyəcan və stressi özünüzdən uzaqlaşdırın.  
  • Hər zaman sevincli olun. Hər nə qədər çətin və məsuliyyətli olsa da, hamiləlik sevindirici bir haldır. Gələcək övladınızla danışın, ona nağıllar oxuyun. Araşdırmalara əsasən döl ana bətnində xaricdə baş verən hadisələrdən instinktiv formada xəbərdar olur. 
Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
5/5 - (1 vote)