Hamiləlik zamanı qan gəlməsi 

19 Sentyabr 2019 Kateqoriya: Hamiləlik Müəllif:
Oxuma vaxtı: 6 dəq Oxunma sayı: 23018
Hamiləlik zamanı qan gəlməsi şəkil
4.2/5 - (45 votes)

Hamiləlikdə qanama müxtəlif dövrlərdə və fərqli səbəblərdən baş verə bilər. Hamiləlik zamanı qan gəlməsi nə ilə bağlıdır? Bu suala cavab vermək üçün hamiləlikdə normal axıntıları yada salaq. 

Normada axıntılar rəngsiz və qoxusuz olur. Hər hansı rəng və ya qoxu dəyişikliyi ginekoloqa müraciət etmək üçün səbəbdir. 

 

Erkən hamiləlik zamanı qan gəlməsi 

Bu dövr gələcək ana və uşağın həyatı üçün çox əhəmiyyətlidir. Hamiləyin başlanğıc dövrlərində qanama aşağıdakı səbəblərdən baş verə bilər:  

  • Döl yumurtasının uşaqlığın divarına implantasiyası: kremşəkilli çəhrayı və ya qəhvəyi çalarda damcı şəkilli axıntılar müşahidə edilir.  
  • Hormonal disbalans: hamiləlik zamanı hormonal fonda dəyişikliklər baş verir. Bəzi qadınlarda bu müddət sürətli, digərlərində isə bir qədər ləng gedir. Erkən hamiləlik zamanı qan gəlməsi orqanizmin bu vəziyyətə uyğunlaşmasıdır. 
  • Uşaqlıqdan kənar hamiləlik: mayalanmış yumurtahüceyrənin uşaqlığa deyil, boruya düşməsi zamanı bu orqan 5-6 həftəlik döl yumurtasını saxlaya bilmədiyindən cırılır. Belə hallar daxili qanaxma, hətta vaxtında müdaxilə edilmədikdə ölümlə nəticələnir. Uşaqlıqdan kənar hamiləlikdə qanama bir qədər intensiv olub, get-gedə kəskinləşən ağrılarla müşayiət edilir. 

Hamiləlik zamanı qan gəlməsi spontan abort, yəni düşük təhlükəsi olduqda da müşahidə edilir. 

Hamiləlik zamanı qan gəlməsi şəkil 1

Progesteron defisiti 

Erkən hamiləlikdə qanamaya progesteron çatışmazlığı gətirib çıxara bilər. Bu hormonun çatışmazlığı istənilən hamiləlik həftəsi boyu düşük təhlükəsi deməkdir. Analizin nəticələrinə görə hormonoterapiya aparıldıqda problem aradan qalxır. 

Molar (yalançı) hamiləlik

Nadir patologiya sayılır. 100% hallarda spontan düşük və ya abortla nəticələnir. Molar hamiləlikdə qanama əksər hallarda intensiv xarakterli olur. 

Uşaqlıq patologiyaları 

Hamiləlik və mioma eyni vaxtda inkişaf etdikdə və yaxud fibromatoz düyün embriona yaxın yerləşdikdə qan gəlməsi müşahidə olunur. 

Hamiləlik zamanı qan gəlməsi şəkil 2

Suni mayalanmadan sonra 

Müsbət nəticə əldə etmək məqsədilə suni mayalanmada uşaqlığa eyni anda bir neçə mayalanmış yumurtahüceyrə daxil edilir. Onlardan ən keyfiyyətlisi, yəni güclüsü inkişaf edir, digərləri isə dölyanı mayedə həll olur. Bu da çox zaman qanama ilə özünü büruzə verir.   

Hamiləlik zamanı qan gəlməsi aybaşını xatırladır. İntensiv al qırmızı rəngdə qanama uşaqlığın hematomasında aşkar edilir. Bununla yanaşı qarnın aşağı hissəsində dartılan spazm şəklində ağrılar, arterial təzyiqin enməsi, bayılma halları baş verə bilər.

Hematoma əksərən tromboflebit (damar mənfəzində tromb və divarın iltihabı) fonunda inkişaf edir. Ciftin qıcıqlanması nəticəsində onun toxumasında əmələ gələn boşluqlar qanla dolur və laxtalanır. Buna xorionik hematoma da deyilir. Stress və cinsi orqanların mexaniki zədələnməsi hematomaya səbəb olur. 

Hamiləlik zamanı qanaxma şəkil

Donmuş hamiləlik    

İnkişafdan qalmış hamiləlik zamanı qan gəlməsi uşaqlığın tələf olmuş dölü orqanizmdən xaric etmə cəhdlərinin nəticəsidir. Bu cəhdlər qeyri-effektiv olduqda, hamiləlik müddətinə uyğun vakuum-aspirasiya (mini abort) və ya uşaqlığın qaşınması ilə döl xaric edilir.

II trimestrdə qan gəlməsi: sirlər və təhlükələr

Hamiləlik zamanı qan gəlməsi adətən ciftin vaxtından əvvəl soyulması ilə bağlı ola bilər. Ciftin zədələnməsi nəticəsində qanama müşahidə edilir. Qanama intensivliyi zədələnən səthin həcmindən asılıdır. Ciftin soyulmasına aşağıdakı amillər səbəb olur:          

  • Ginekoloji xəstəliklər;  
  • Cinsi yolla keçən infeksiyalar
  • Dölyanı mayenin normadan çox olması;
  • Ürək-damar patologiyaları; 
  • Fiziki gərginlik; 
  • Xroniki xəstəliklərin kəskinləşməsi; 
  • Stress;
  • Uşaqlıqda tonusun yüksəlməsi. 

Bu patologiya dərhal müalicə olunmalıdır. Əks təqdirdə dölün hipoksiyası, vaxtından əvvəl doğuş baş verə bilər. Vəziyyət kritik nöqtəyə çatdıqda təcili Qeysəriyyə əməliyyatı ilə hamiləlik sonlandırılır. II trimestrdə qanama ciddi əlamət hesab olunur. Bu zaman nəinki dölün, hətta ananın həyati təhlükə altına alınır. 

III trimestrdə qan gəlməsi 

III trimestrdə qanama nadir hallarda müşahidə edilir. Əgər belə bir əlamət olarsa, hamilə qadın təcili hospitalizasiya edilməlidir.

III trimestrdə qanaxma səbəbləri: 

  • hestozlar;
  • ciftin vaxtından əvvəl soyulması və qocalması; 
  • dölün hipoksiyası; 
  • xroniki xəstəliklərin qəflətən kəskinləşməsi; 

Hamiləlikdə qanama həm də uşaqlığın cırılması zamanı müşahidə edilir. Bu, letal (ölüm) sonluqlu patologiyadır. Belə vəziyyətlər çox uşaq doğmuş qadınlarda, Qeysəriyyə kəsiyindən və ya digər uşaqlıq əməliyyatından sonra uşaqlıqda çapığın cırılması nəticəsində baş verir. 

III trimestrdə ən pozitiv qanaxma selikli-qanlı tıxacın soyulmasıdır ki, bu da doğuşun yaxınlaşmasına işarə edir. Ümumiyyətlə, hamiləlik ayından asılı olmayaraq qanaxma baş verdikdə dərhal ginekoloqla əlaqə saxlayıb xəstəxanaya getmək lazımdır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
4.2/5 - (45 votes)