Aybaşının gecikmə səbəbləri

24 Sentyabr 2019 Kateqoriya: Aybaşı gecikməsi Müəllif:
Oxuma vaxtı: 4 dəq Oxunma sayı: 15918
Aybaşının gecikmə səbəbləri şəkil
3.1/5 - (7 votes)

Normal menstruasiya tsikli 28-33 gündür. 2-3 gün gecikmə norma sayılır. Lakin aybaşı 1 həftədən çox gecikirsə, artıq patologiya hesab edilir.

Aybaşı gecikməsinin formaları

Aybaşı gecikməsi gözlənilən vaxtda qanlı axıntıların müşahidə edilməməsidir. Gecikmənin aşağıdakı formalarına rast gəlinir:

  • Oliqomenoreya – aybaşı gününün qısa, menstruasiyalar arası intervalın minimum 2 ay olması;
  • Opsomenoreya – aybaşının 35 gündən çox gecikməsi;
  • Amenoreya – 6 ay və ya 1 neçə il ərzində aybaşının olmaması.

Aybaşının gecikmə səbəbləri hansılardır?

  • Hamiləlik

Hamiləlik aybaşının gecikmə səbəbləri arasında ən çox təsadüf olunan haldır. Bu dövrdə aybaşının olmaması ilə yanaşı, səhər saatlarında ürəkbulanma, süd vəzlərində şişkinlik və ağrı meydana çıxır.

Hamiləlik əleyhinə dərman və ya digər kontrasepsiya üsulları mayalanmanın baş tutmayacağına 100% zəmanət vermir. Əgər qadının tsikli müntəzəmdirsə, cinsi əlaqədən sonra gecikmə olduqda, test ilə yoxlamaq tövsiyə edilir. Hamiləlik analizi vasitəsilə bu faktı daha dəqiq aydınlaşdırmaq mümkündür.

Aybaşının gecikmə səbəbləri şəkil 1

Hamiləliklə əlaqəli olmayan aybaşı gecikməsinin səbəbləri

Aybaşı gecikməsinin fizioloji səbəbləri

Hamiləlik testi neqativ olduqda, 10 günə qədər gecikmə aşağıdakı faktorlardan yarana bilər:

  • Yeniyetməlik dövrü. Qız uşaqlarında stabil tsikl 2-3 il ərzində formalaşır. Bu səbəbdən periodik pozulmalar təbii hal sayılır, narahatlığa gərək yaranmır. Belə qeyri-müntəzəmlik tədricən düzəlir.
  • Orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq klimaks dövrü 45-60 yaş arasında başlayır. Həmin mərhələdə reproduktiv sistemin fəaliyyəti sönməyə başlayır. Belə qadınlarda aybaşının gecikmə halı normaldır.
  • Həyat tərzinin qəfildən və kəskin dəyişməsi. Ağır pəhrizlər, miqrasiya, iqlim dəyişikliyi orqanizm üçün stress halı hesab edilir. Bu vəziyyətdə 10 günə qədər gecikmə təbiidir.
  • Kontraseptivlər və digər hormonal preparatların qəbulu
  • Uzunmüddətli günəş vannaları
  • Siqaret və alkoqoldan istifadə.

Aybaşının gecikmə səbəbləri şəkil 2

Aybaşı gecikməsinin səbəbləri – patoloji hallar

  • Yumurtalıqların disfunksiyası (ikincili polikistoz, yumurtalığın kistası, hipoplaziyası və.s). Periodik tsikl pozğunluğu ilə təzahür edir.
  • Hipofiz vəzinin hipertrofiyası (böyüməsi), adenoma
  • Stress vəziyyətləri
  • Agır fiziki iş və peşəkar idmanla məşğul olma
  • Kəskin arıqlama, anoreksiya. Piy toxuması estrogenlərin sintezində önəmli rol oynayır. Bu səbəbdən onların çatışmazlığı nəinki gecikmə hallarına, hətta amenoreyaya – aybaşının tamamən kəsilməsinə gətirib çıxara bilər.
  • İrsi meyllik
  • Mioma, fibroma, uşaqlıq boynunun və uşaqlığın şişləri, adenomioz, endometrit kimi qadın cinsiyyət orqanı xəstəlikləri
  • Abort və özbaşına düşüklər. Abort zamanı uşaqlığın selikli qişası zədələnir. Onun qalınlığının bərpası bir neçə ay çəkə bilər. Bu da dolayı olaraq, aybaşının gecikmə səbəbidir.
  • Endokrin pozğunluqlar
  • Kiçik çanağın iltihabi xəstəlikləri

Sadalanan dəyişikliklər fonunda 20 gün və daha çox gecikmə mümkündür.

Aybaşının gecikmə səbəbləri – diaqnostika

Ginekoloq ilkin baxışdan sonra xəstəyə bir neçə analiz, kiçik çanağın USM və türk yəhərinin (hipofiz çuxuru) rentgenoloji müayinəsini təyin edir. Laborator və instrumental analizlərin nəticələrinə əsasən müalicə sxemi seçilir.

Aybaşının gecikmə səbəbləri – müalicə

Yuxarıda qeyd olunan patoloji hallarla rastlaşdıqda mütləq müalicə aparılmalıdır. Belə ki, vaxtında ginekoloqa müraciət edilmədikdə, proses daha da inkişaf edərək, sonsuzluq və digər ciddi ağırlaşmalarla sonlana bilər.

Həkim gecikmənin səbəbini aşkara çıxardıqdan sonra ona uyğun olaraq, müalicə təyin edir. Nəticədə aybaşı tsikli normallaşır.

Bu yazını paylaşın:
Yazını qiymətləndirin:
3.1/5 - (7 votes)